Turizmin ekoloji fəsadları


Baxıldı : 330

Tarix : 2015-10-09 03:00:00


Müasir dünyada turizmin sürətlə inkişaf etməsi, turizm sənayesinin geniş infrastruktur şəbəkəsi, insanların istirahəti üçün böyük imkanlar yaratmaqla yanaşı, bir sıra problemlər də doğurub. Bu problemlərdən biri də ekologiya və ətraf mühitin mühafizəsi məsələsidir.Məlumdur ki, turistləri əsasən ekoloji baxımdan təmiz regionlar cəlb edir. Turist axını regionun iqtisadi inkişafına səbəb olsa da, sonradan turizm biznesində sürətli bir enişə də zəmin yarada bilər. Turistlərin güclü axını təbii landşaftın məhvinə gətirib çıxarır ki, bu da cəlbediciliyi azaltmaqla yanaşı, yerli iqtisadiyyatı bərbad hala salır. Ətraf mühitin pozulması ilə həmin regionda turizm ozünü də məhv edir. Belə ki, son vaxtlara qədər çox məşhur olan ölkələrdə turizm səviyyəsi ətraf mühitin problemlərinə görə əhəmiyyətli dərəcədə azalıb.Məsələn, dünyanın ən böyük istirahət mərkəzlərindən biri sayılan Havay adalarının çox unikal təbii və iqlim ehtiyatları var. Ekvatora yaxin, Sakit okeanın mərkəzində olduğu üçün isti hava ilboyu üstünlük təşkil edir. Burada çoxlu sayda çimərlik fəaliyyət göstərir. Qızılı qumlu, özünəməxsus müalicəvi əhəmiyyətə malik olan çimərliklər, ekzotik bitkilər, ilin bütün fəsillərində yamyaşıl olan dağlar, qeyri-adi təsir bağışlayan dərin yarğanlar, sərt qayalıqlar, məhsuldar vadilər insanı maqnit kimi özünə cəlb edir. Havay adaları öz təbii gözəlliyinə görə dünyanın 10 ən məşhur turist bölgələrindən biri hesab edilir. Burada istirahət etmək və dincəlmək üçün bütün şərait mövcuddur. İqtisadiyyatın vacib sferası turizmdir. Hər il Havay adalarına 4,5 milyona yaxın turist gəlir. 1950-ci ildə Havayın gəlirlərinin 4%-ni təşkil edən turizmin payı günümüzdə 30%-dək artmışdır.Lakin bütün üstünlüklərinə baxmayaraq, turizm ada sakinləri üçün bir çox çətinliklər gətirir. Kütləvi turist axını, təbii ehtiyatlardan sui-istifadə, turizm ilə bağlı bina və infrastruktur tikintisi və digər fəaliyyətlərə görə, yerli sakinlər içməli su çatışmazlığından əziyyət çəkir. Hazırda zəngin flora və faunası, çox sayda endemik bitki növləri yox olma təhlükəsindədir.Qərbi Avropanın ən hündür dağ sistemi olan Alp dağları Fransa, Monako, İtaliya, Avstriya, Almaniya, İsveçrə, Lixtenşteyn və Sloveniyanın ərazilərini əhatə edir. Alp dağları turist marşrutları ilə də məşhurdur. Məhz bu səbəbdən həmin ölkələrdə qış turizmi çox inkişaf edib. Bu, təbiətə müəyyən zərər gətirir, buna səbəb bir çox turistlərin, ovçuların və idmançıların ətraf mühiti çirkləndirməsi, turizm infrastrukturunun yaradılması və tikilməsi ilə mənzərəli landşaftların məhv olmasıdır. Son illər Azərbaycanda yüksək turizm infrastrukturunun formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Regionlarda qış aylarında normal istirahətə imkan verəcək müasir turizm obyektlərinin inşası prosesi sürətlənib.Təəssüf ki, dağ-xizək kurortunun da ətraf mühitə bir sıra mənfi təsirləri var. Orada mütləq texniki qardan istifadə olunur. Süni qar yaradılması isə böyük miqdarda su tələb edir, hansı ki, yaxın ərazidə yerləşən gölməçələrdən və anbarlardan istifadə olunur. Yüksək ekoloji tələblərə baxmayaraq, ekosistem pozulur və bir çox neqativ hallar yaranır. Odur ki, turizmin ekologiyaya olan zərərli təsirini tamamilə aradan qaldırmaq müasir turizm sektorunun qarşısında duran vacib vəzifələrdən biridir. Bu baxımdan turizm ehtiyatlarının qorunması və müdafiəsi indiki dövrdə mühüm əhəmiyyət kəsb edir. Ölkənin ümumi inkişafında bu problemin həlli aparıcı mövqe tutmalı, ekolojı turizmin mahiyyəti öyrənilməli və cəmiyyət arasında maarifləndirmə işləri aparılmalıdır. GÜNEL