Turizmin inkişafı iqtisadi yüksəlişin göstəricisidir


Baxıldı : 37

Tarix : 2017-09-23 01:16:24


Hazırda ölkəmizdə turizm inkişaf dövrünü yaşayır. Bu inkişafın hüquqi bazasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. 1999-cu ildə "Turizm haqqında" qanun imzalanmışdı. İki il sonra onun təşəbbüsü ilə yaradılan Gənclər, İdman və Turizm Nazirliyi bu qanundan irəli gələn vəzifələri yerinə yetirməyə başladı. 2002-2005-ci illərdə turizmin inkişafına dair dövlət Proqramı bu sahədə yeni dövrün əsasını qoydu.

Turizmə diqqət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətində də mühüm yer tutmuşdur.

Cənab İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə Azərbaycan Turizm İnstitutu yaradıldı. Hazırda universitet olan bu ali məktəbin hazırladığı ixtisaslı kadrlar turizm sahəsində davamlı inkişafın təmin olunmasında əhəmiyyətli rol oynayırlar.

Ölkə başçısı turizmin ölkəmizdə intişar tapmasına davamlı dəstək göstərir. 2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair "Dövlət Proqram"ı bu dəstəyin bariz nümunəsidir. 2011-ci ilin turizm il elan olunması onu göstərdi ki, artıq ölkəmiz turizmi dövlət siyasətinin prioritet istiqamətləri səviyyəsinə qaldırıb.

Görülən işlər Azərbaycanda turizmin çiçəklənməsi üçün münbit şərait yarada bildi. Müqayisə üçün deyim ki, 2001-ci ildə respublikamızda cəmi 3 turizm şirkəti var idi. İndi bu rəqəm 276-dır. Uzaq keçmişlə deyil, ötən ilin ilk beş ayı ilə müqayisə etsək, bu ilin beş ayında ölkəmizə gələn turistlərin sayı 200 min nəfər artıb. Ümumilikdə ötən il respublikamıza gələn xarici vətəndaşların sayı 2 milyon 242 min 783 nəfər olub.

Azərbaycan həmkarlar ittifaqları da turizmin tərəqqisinə öz tövhələrini verir və verməkdədir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan istirahət mərkəzləri uzun illərdir ki, işçilərə və onların ailə üzvlərinə xidmət göstərir. Yeri gəlmişkən deyim ki, vaxtilə bu istirahət mərkəzlərinin bir neçəsi ümumittifaq miqyaslı olub. AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü və təklifi ilə sahə həmkarlar ittifaqları da ölkəmizin səfalı bölgələrində istirahət mərkəzləri tikib istifadəyə vermişlər. Buna misal olaraq Nabranda rabitəçilərin, dənizçilərin, dəmiryolçuların, həmkarlar ittifaqlarının tikdirdiyi istirahət mərkəzlərini göstərə bilərəm. Son illər bu mərkəzlərin sayı daha da artıb. Bir neçə il əvvəl Nabranda Dövlət İdarələri, İctimai Xidmət İşçiləri Respublika Komitəsi "Ülfət", Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi "Təhsil", Qusarda Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi "Qusar",  "Şəfa" istirahət mərkəzlərini inşa etdirdilər. Hər biri yerləşdiyi ərazinin yaşıllığı, havasının səliqə-sahmanı və abadlığı, otaqların rahatlığı, təchizatı baxımından olduqca münasibdir. Məsələn, eyni vaxtda 260 nəfərə xidmət göstərə bilən Təhsil İstirahət Mərkəzində müasir mehmanxana binası, kotteclər, mini stadionlar, 2 üzgüçülük hovuzu, ilkin tibbi yardım otağı, internet klub turistlərin ixtiyarındadır. Hər bir istirahət mərkəzində turistlərin və onların ailə üzvlərinin istirahəti, əyləncəsi üçün bütün şərait var. Kondisioner, rahat stol və stullarla, müasir mətbəxlərlə təchiz olunmuş yeməkxanalarında ekoloji baxımdan təmiz yeməklər verilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, eləcə də sahə həmkarlar ittifaqları tabeliklərində olan istirahət mərkəzlərinin növbəti mövsümə hazırlanması üçün kifayət qədər sanballı vəsait ayırırlar.

Əlbəttə, həmkarlar ittifaqlarını türizmin inkişafı sahəsində gördüyü işlər daha böyük və daha çoxdur. Yəqin ki, oxucuların əksəriyyəti bunun şahididir.

 

Fikrət NURİYEV,

Turizm və Ekskursiyalar Şurasının sədri