Uşağım


Baxıldı : 262

Tarix : 2016-08-27 11:38:00


Uşağımın üç yaşınadək sosial məzuniyyətdə olmuşam. 3 aydır ki, işə başlamışam. İş yerində mənə deyirlər ki, attestasiyadan keçməliyəm. Eşitmişəm ki, məni hələ attestasiya etməməlidirlər. Xahiş edirəm izah edəsiniz, mən attestasiya olunmalıyammı? Gülər ƏHMƏDOVA,Ağsu rayonu.- Siz düzgün eşitmisiniz. Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilərin siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların attestasiyası keçirilmir. Bu barədə işlədiyiniz müəssisənin attestasiya komissiyasına məlumat versəniz, Sizi attestasiyadan azad edərlər.Qeyd etmək lazımdır ki, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan uşağını təkbaşına böyüdən kişilər də bu hüquqdan istifadə edə bilərlər. Oğlum böyük məbləğdə lotereya udmuşdu. Bu pulla həm maşın aldı, həm də yeni mebel, özümüz üçün \ bəyaz əşyalar\ aldıq. Bundan xəbər tutandan sonra bizim sosial yardımı kəsdilər. Yardımın təyin edildiyi müddət hələ qurtarmamışdı. Bu, düzgündürmü?Vəli ASLANOV,Bakı şəhəri.- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş \ Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nın 4.2. bəndinə əsasən, sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə), mütləq qaydada 5 (beş) iş günü müddətində məlumat verməlidir. Bu məlumat elektron formada VEMTAS-a, yaxud kağız üzərində Mərkəzə verilə bilər. Ailənin orta aylıq gəlirinin 12 (on iki) mislindən çox məbləğdə lotereya uduşunun qazanılması da sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola bilən hallara aiddir. Sualınızdan aydın olur ki, lotereya uduşundan qazanılmış məbləğ ailənin orta aylıq gəlirinin 12 (on iki) mislindən çoxdur. Ona görə də sosial yardımın verilməsi lotereya uduşu qazanıldığı aydan bir ay sonra dayandırılmalı və Sizin ailənin sosial yardım hüququna ümumi qaydada yenidən baxılmalıdır.Kənd təsərrüfatı istehsalında çalışıram. Qonşum rəhmətə gedib, kimsəsi yoxdur. Onun 1 aylıq uşağını 10 gündür ki, götürüb saxlayıram. Bilmək istəyirəm, mən kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə verilən məzuniyyətdən istifadə edə bilərəmmi? Sənəm KƏRİMOVA,Lənkəran rayonu.- Əmək Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü) məzuniyyət verilir. Amma kənd təsərrüfatı istehsalında çalışmağınıza baxmayaraq, doğuş Sizin tərəfinizdən həyata keçirilmədiyinə görə Sizə 70 yox, 56 təqvim günü məzuniyyət verilməlidir. Çünki Əmək Məcəlləsinin 126-cı maddəsinə əsasən, iki aylığadək olan uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət (uşağın yaşyarımınadək 40 manat, yaşyarımdan 3 yaşı tamam olanadək isə 25 manat) verilən qismən ödənişli sosial məzuniyyətdən istifadə edə bilərsiniz.Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmək istəyirəm. Bilmək istəyirəm, hansı ailələrin sosial yardım almaq hüququ var?Müslüm QƏNİZADƏ,Şəki şəhəri.- Sorğunuzla bağlı məsələ \ Ünvanlı dövlət sosial yardımı haqqında\ qanunda və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edən, Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş \ Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nda öz əksini tapmışdır.Qaydaların 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: - ailə üzvünün əmək qabiliyyətini itirməsi;- əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;- ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması;- ailə üzvünün vəfat etməsi;- ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;- ailə üzvünün azadlıqdan məhrum edilməsi;- ailə üzvünün olduğu yerin məlum olmaması.İkinci uşağıma hamiləyəm. İş yerində mənə deyirlər ki, attestasiyadan keçməlisən, birinci hamiləlikdə sənə güzəşt etdik, keçirmədik, daha edə bilmərik, bu, düzgündürmü?Aysel MƏCİDOVA,Gəncə şəhəri.- Xeyr, düzgün deyil! Heç kim Sizə güzəşt də etməyib. Dövlətimizin qanunverici orqanı hamilə qadınların fizioloji durumuna görə bu məsələni qanuniləşdirmiş, Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilərin siyahısına hamilə qadınları da salmışdır. Həmin maddəyə əsasən, hamilə qadınların attestasiyası keçirilmir. Maddədə hamiləliyin sayına məhdudiyyət də qoyulmayıb, hər hamiləlikdə bu hüquqdan istifadə edə bilərsiniz. Onu da qeyd etmək lazımdır ki, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə işəgötürənlərə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.2. maddəsinə əsasən, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarını pozan işəgötürən yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.Bina evində yaşayırdıq. 2 ay olar ki, qardaşım bizə yeni həyət evi bağışlayıb. Bundan xəbər tutandan sonra bizim sosial yardımı evin bağışlandığı vaxtdan kəsiblər. Bu, düzgündürmü?Ülviyyə NƏCƏFOVA,Sumqayıt şəhəri.- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş \ Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nın 4.6. bəndində hansı hallarda sosial yardımın dərhal dayandırılması göstərilmişdir. Ailəyə evin bağışlanması da bu hallara aid edilmişdir, bir şərtlə ki, bu ev ailənin istifadəsində olan yeganə ev olmasın. Sorğunuzdan aydın olur ki, Sizin başqa mənziliniz var. Odur ki, sizin ailəyə təyin olunmuş sosial yardımı düzgün olaraq, Qaydaların 4.6. bəndində nəzərdə tutulduğu kimi, evin bağışlandığı baş verdiyi gündən dayandırıblar.Ünvanlı sosial yardım almaq üçün müraciət etmək istəyirəm. Yoldaşımdan ayrıldığıma görə uşağıma aliment ödəyirəm. Bilmək istəyirəm, alimentin məbləği gəlir kimi nəzərə alınacaqmı?Yusif HƏMDİYEV,Zaqatala rayonu.- \ Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nın 5.20. bəndinə əsasən, ailənin orta aylıq gəliri hesablanarkən faktiki ödənilən alimentlər ailənin məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə ailənin məcmu gəlirində nəzərə alınır. Ona görə də Sizin faktiki ödədiyiniz alimentin məbləği ailənin gəlirindən çıxılacaq.