Bu günlərdə Azərbaycan xalqı ordumuz ilə nəfəs alır


Baxıldı : 90

Tarix : 2020-10-17 14:47:02


Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin sədri İsaq Məmmədov vəziyyətin qeyri-sabit olduğunu bildirdi. Dedi ki, bir neçə gün əvvəl Suqovuşan kəndinə mərmi düşüb. Digər kəndlərimizə  elə bir ciddi ziyan dəyməyib. Əhalinin əhval-ruhiyyəsi nikbindir, atəş səsləri onları qorxutmur. Hər kəs təsərrüfatı ilə məşğul olur, gündəlik adi həyat davam edir.
Sədr dedi ki, hərbi komissarlığın qarşısında,  necə deyərlər, izdiham səngimir. Cavanlarımız ordumuza dəstək olmaq, ön cəbhəyə getmək üçün müraciətlər edirlər. Hər birinin ürəyindən məhz onun şərəf simvolu olan bayrağımızı azad edilmiş torpaqlara sancmaq arzusu keçir. Bu günlərdə  bütün Azərbaycan xalqı ordumuz ilə nəfəs alır. Qürurverici hissdir ki, barbar düşmənin ağır artilleriyalarla atəşləri nəticəsində mülki əhali külli miqdarda zərər çəksə də, evləri dağılsa da, panikaya uymurlar, qorxu hissi onlar üçün yaddır. Xalqımızın tək məqsədi ordumuza arxa-dayaq olmaqdır. Hər bir daşkəsənli çörəyini igid əsgərlərimizlə bölmək istəyir. Təbii ki, döyüş meydanına istənilən mülki vətəndaşın getməsi qeyri-mümkündür. Sakinlərimizin bu istəyini nəzərə alaraq rayonumuzda xüsusi məntəqə yaradılmışdır. Biz də, həmkarlar ittifaqı təşkilatı olaraq, sakinlərdən geri qalmamağa çalışırıq. Əslində hərbçilərimizin təminatı o səviyyədədir ki, onların heç bir yardıma ehtiyacı yoxdur. Göstərilən yardımlar daha çox qəhrəman Ordumuza mülki vətəndaşlarımızın mənəvi dəstəyi, şücaəti əsgərlərimizə valideyn, qardaş, bacı məhəbbətinin simvoludur.