Ucarda səyyar iclas


Baxıldı : 179

Tarix : 2018-07-07 00:07:08


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin növbəti səyyar iclası iyunun 29-da Ucar rayonunda keçirilmişdir. İclasda “Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mingəçevir şəhər, Yevlax, Ağdaş, Göyçay, Ağsu, Kürdəmir, Ucar, Zərdab rayon komitələrinin nizamnamənin tələbləri üzrə təşkilati fəaliyyəti” məsələsi müzakirə olunmuşdur.

Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva, yuxarıda adları çəkilən şəhər və rayon komitələrinin sədrləri, fəalları və mədəniyyət işçiləri iştirak etmişlər.

Respublika Komitəsinin sədri Cəmilə Səttarova AHİK-in V, sahə həmkarlar ittifaqının XVIII qurultaylarının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində əldə olunan uğurlardan danışdı. Təəssüflə qeyd etdi ki, işini gözlənilən səviyyədə qurmağı bacarmayan təşkilatlarımız da var. Respublika Komitəsinə daxil olan arayışlar, əməkdaşlarımızın yerlərdən hazırladıqları hesabatlar göstərir ki, bəzi təşkilatlarda Nizamnamə tələbləri pozulur, təşkilati işlərdə nöqsanlara yol verilir. Bu gün biz yaxşı nümunələri qeyd etməklə yanaşı, problemlərin aradan qaldırılması yollarını da birlikdə araşdıracağıq.

Zona şəhər və rayon komitələrində gündəlikdə duran məsələ ilə bağlı vəziyyət barədə Respublika Komitəsinin aparat rəhbəri Mirzə Əlibəyov məlumat verdi.

Sonra müzakirələr başlandı. Sonda qərar qəbul olundu. Qərarda qeyd olundu ki, yerlərdə təşkilati işləri gücləndirmək məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilsin. Proqram sənədlərin yerinə yetirilməsinə nail olmaq üçün rayon və ilk təşkilatlara əməli, metodiki kömək göstərilsin.

Bəzi təşkilatlara isə ünvanlarına səslənmiş iradları aradan qaldırmaqdan ötrü 3 ay müddətinə vaxt verildi. Müvafiq şöbələrə tapşırıldı ki, bölgələrdə yaradılan regional metodiki mərkəzlərin fəaliyyəti gücləndirilsin. Görülən işlər barədə Respublika Komitəsi müntəzəm məlumatlandırılsın.