Üçtərəfli Komissiyanın növbəti iclasında BƏT-in də eksperti iştirak etdi


Baxıldı : 109

Tarix : 2018-05-12 04:03:18


Mayın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olmuşdur. İclasa sədrlik edən AHİK sədri, millət vəkili Səttar Möhbalıyev tədbir iştirakçılarını iclasın gündəliyi ilə tanış etmişdir. Demişdir ki, bu gün “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”na Beynəlxalq Əmək Təşkilatının münasibətini öyrənəcək və bu qurum tərəfindən təyin olunmuş ekspert, professor Kolin Vilyamsın tövsiyələrini monitor vasitəsilə dinləyəcəyik.

Sonra K.Vilyams monitor vasitəsilə iclas iştirakçılarına qoşuldu. O, əvvəlcə BƏT-in qeyri-formal iqtisadiyyata, qeyri-formal məşğulluğa yanaşması barədə məlumat verdi. Dedi ki, BƏT tərəfindən 2014-cü ildə hazırlanmış 204 saylı tövsiyə qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid haqqındadır. Yeri gəlmişkən, Azərbaycan da bu sənədi imzalamışdır. Bildiyiniz kimi, yeni müəssisələrin 2/3-si qeyri-formal iqtisadiyyatda fəaliyyətə başlayır. Biz onları buna görə dağıtmamalıyıq. Əks halda sahibkarlığa, eləcə də bütövlükdə iqtisadiyyata zərər vermiş olarıq. Belə müəssisələrin tədricən formal iqtisadiyyata keçməsinə çalışmalıyıq.

Professor qeyri-formal iqtisadiyyatın ödənişli əmək sahəsi olduğunu qeyd etdi. Dedi ki, lakin orada ödənişlər barədə məlumat verilmir. Gəlirlər müvafiq orqanlardan ya tam, ya da qismən gizlədilir: “Zərf əməkhaqqından və başqa sözlə, ikili maaş cədvəlindən istifadə edilir. Əmək müqaviləsindən imtina edilir, işçilərlə mülki müqavilə bağlanılır”.

BƏT eksperti qeyri-formalda çalışan işçiləri bir neçə kateqoriyaya böldü: 1) Özüməşğul insanlar. Onların işçiləri olmur. 2) Özüməşğul sahibkarlar. Onların işçiləri var. 3) Ailə biznesi və sair. Bu kateqoriyalardan olanlar vergidən, qanunvericiliyin tələblərinin onlara tətbiq olunmasından yayınırlar. Qeyri-formal iqtisadiyyatda aşağı və yuxarı qruplar məşğul olur. Aşağı qruplar dolanışığını təmin etməkdən, yuxarı, əsasən peşəkar qruplar, tutalım həkimlər, hüquqşünaslar və sair daha yaxşı yaşamaqdan ötrü gəlirlərini gizlədirlər. Qeyri-formal iqtisadiyyat futbol oyununa bənzəyir. Bu oyunda əhalinin bütün təbəqələri az və çox dərəcədə iştirak edir.

Qeyri-formal iqtisadiyyatla mübarizə yollarından danışan K.Vilyams dünya təcrübəsinə əsaslanaraq dedi: nəzarət mexanizminin gücləndirilməsi, cəza və mükafatlandırma, təşviqat, maarifləndirmə üsulları mövcuddur. Daha səmərəlisi təşviqat və maarifləndirmədir. Sizin komissiyanın hazırladığı Tədbirlər Planında bu, üstünlük təşkil edir. Bunu BƏT bəyənir və qiymətləndirir.

Sizin Tədbirlər Planının nümunəvi cəhətlərindən biri də odur ki, maarifləndirmə ilə yanaşı orada rəsmi qurumlarda islahatların aparılması da nəzərdə tutulmuşdur.

Professor etiraf etdi ki, dünyanın az ölkəsində tərəfdaşların belə qarşılıqlı, faydalı əməkdaşlığına təsadüf olunur: “ Buna görə sizi təbrik edirəm”,-dedi.

Natiq Üçtərəfli Komissiyaya tövsiyələrini də verdi. Dedi ki, yaxşı olardı komissiya hər nazirlik, komitə, sahə üçün, eləcə də sahələrarası strateji məqsəd və hədəflər işləyib hazırlasın. Bu da nazirliklərin qarşılıqlı əlaqəsinə böyük imkanlar açardı.

Professor Azərbaycanın, yoxlamaların dayandırılmasına görə, əksər ölkələrdən bir addım öndə getdiyini söylədi. Bu o deməkdir ki, Azərbaycanda inzibatçılığa meyil göstərilmir. Qeyri-formaldan formala keçidin təşviqat vasitəsilə baş verməsi daha məqbul sayılır. Bu yanaşmanı BƏT təqdir edir.

Səttar müəllim professora dəyərli tövsiyələrinə görə təşəkkürünü bildirdi: “Bu çıxışınızda Tədbirlər Planının daha da təkmilləşdirilməsi istiqamətində verdiyiniz təkliflərdən faydalanmağa çalışacağıq”.

Monitor əlaqəsi başa çatdıqdan sonra S.Möhbalıyev professorun çıxışının davamı olaraq dedi ki, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin təməlində vətəndaş və qanun münasibətləri durur. Hər bir vətəndaş, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, qanunlara riayət etsə, qeyri-formal iqtisadiyyatın mövcud olmasına şərait yaranmaz. İqtisadiyyat çiçəklənər, gəlirlər ədalətli bölünər. Yəni hər kəs əməyinə görə haqq alar.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev dedi ki, cənab Vilyamsla işçi qruplarının 3-ündə görüşlərimiz olub. Tədbirlər Planımıza yaxşı bələddir. Komissiya üzvlərimiz üçün xoşdur ki, o Tədbirlər Planını yüksək qiymətləndirdi. Bu da ondan irəli gəlir ki, əhalinin məşğulluğu Respublika Prezidenti cənab İlham Əliyevin diqqətində saxladığı ən vacib məsələlərdəndir. Nazir müavini diqqətə çatdırdı ki, mayın 21-də Bakıda keçiriləcək beynəlxalq tədbirin panel iclaslarından biri qeyri-formal məşğulluğa həsr olunacaq.

Daha sonra iclasda gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldı.

Bəyalı RZAYEV