Ucuzlaşma daha çox kimə sərf edir


Baxıldı : 364

Tarix : 2015-02-07 13:20:00


Bir neçə gündür Azərbaycanda ətin qiymətində ucuzlaşma müşahidə olunur. Ucuzlaşma daha çox Aran rayonlarında qeydə alınıb. Hazırda Bakıda 1 kq mal əti 7-7,5 manat, rayonlarda isə 5-6 manatdır. Ətin qiymətinin bu qədər ucuzlaşmasını ət satışı ilə məşğul olan qəssablar kəsimə yararlı diri heyvanın qiymətinin aşağı enməsi ilə izah edirlər.Maldarlıqla məşğul olan sahibkarlar ötən il əlverişsiz hava şəraiti səbəbindən ot qıtlığı yarandığını, bu səbəbdən də 1 bağlama otun qiymətinin 5 manata kimi qalxdığını deyir. Otun qiymətinin qalxması fermerlərin mal-qaranı kütləvi şəkildə bazara çıxarmasına səbəb olub. Bazarda yaranan bolluq isə qiymətə təsir edib və nəticədə ucuzlaşma müşahidə olunmaqdadır. Ətin ucuzlaşmasını ekspertlər bir neçə amillə əlaqələndirirlər. Ekspert Vahid Məhərrəmov əsas səbəblərdən biri kimi yas mərasimlərini görür: \ Yas mərasimlərində ehsana qoyulan qadağalar qiymətə təsir edib. Bir müddət əvvəl təxminən 200 min baş mal ehsan yerlərinə istifadə olunurdusa, hazırda bu göstərici yarıya enib\ .Ekspert həmçinin dondurulmuş ət idxalının da bu tendensiyaya səbəb olduğunu proqnozlaşdırır: \ Əvvəlki ilə nisbətən keçən il ət idxalı 28 faiz artıb. Dondurulmuş ət təzə ət bazarında qiymətlərə təsir etməsə də, əhalinin alıcılıq qabiliyyəti zəif olduğu üçün alıcıların bir qisminin ətə olan tələbatını ödəyir\ .İqtisadçı-ekspert Qubad İbadoğlunun fikrincə, bazarların qarşılıqlı əlaqəsinə görə, mal əti bazarında baş verən ucuzlaşma davamlı xarakter alarsa, digər məhsullara da təsiri olacaq: \ Proses belə davam edərsə, yaxın vaxtlarda qoyun, quş əti və balıq, eləcə də mal ətindən hazırlanan kolbasa, sosiska, konservlərin, həmçinin kafe və restoranlarda mal ətindən hazırlanan digər yeməklərin də qiymətində dəyişikliyə gətirib çıxarar\ .İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, qiymətin enməsi ət satışı ilə məşğul olan sahibkarlara qismən də olsa təsir edəcək. Bazar iqtisadiyyatında tələb və təklif, rəqabət və qiymət əsasında formalaşır. Qiymət bazar mexanizmlərinin bir strukturudur. Müqayisə üçün deyək ki, ətin qiyməti qalxırsa, bu zaman bir çox iş adamları gəlir əldə etmək məqsədi ilə bazara girməyə çalışır və hətta buna nail olurlar. Təbii ki, bu, tələbin artması fonunda baş verir. Qiymətin bahalaşması sahibkarlara sərf edir. Amma təklif tələbi üstələdikdə və bazarda bolluğun yaranması şəraitində qiymətlər aşağı enməyə başlayır. Qiymət düşəndə ətin maya dəyəri kimə ucuz başa gəlirdisə yenə ona sərf edir. Az qazanır, amma yenə bazarda qalacaq və istehsalı davam etdirəcək. Bir müddət sonra alıcı bolluğu yarandıqda isə itkilərini qarşılamış olacaqlar. Çünki qıtlıq yenidən tələbin təklifi üstələməsinə və nəhayət, bu da qiymət artımına gətirib çıxaracaq. Kimə sərf etməyəcəksə, bazardan çıxmalı olacaq və digər sahələrə meyillənəcək. A.MUSTAFAYEV