Üçtərəfli Komissiyanın növbəti iclası keçirildi


Baxıldı : 54

Tarix : 2017-11-24 23:39:18


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrindən ibarət Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

İclasda Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək ölkəmizdə əmək bazarının inkişafına, əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi mexanizminin təkmilləşdirilməsinə yönələn tədbirlərdən danışdı. Bu tədbirlər sırasında xüsusi yer tutan gənclərin subsidiyalı əsaslarla məşğulluğuna imkan yaradılmasına yönələn layihəyə diqqət çəkdi. Dedi ki, son illərdə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə icra olunan "Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək" pilot layihəsi üzrə ölkəmizdə ilk dəfə iş axtaran bir qrup gəncin subsidiyalı əsaslarla müəyyən dövr üçün işə qəbulu həyata keçirilib. Nəticədə, layihə müddəti bitsə də, həmin gənclərin 90 faizi sonradan işəgötürən tərəfindən öz iş yerlərində saxlanılaraq daimi işlə təmin olunublar. Bu da belə layihələrin əhəmiyyətli olduğunu təsdiq edir. Ona görə də BƏT-lə əməkdaşlıqda həyata keçirilən "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" çərçivəsində "Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş pilot subsidiya proqramı"nın icrası planlaşdırılır. Bugünkü iclasda bu mövzuda da müzakirələrin aparılması nəzərdə tutulub.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev BMT-nin 8-ci Davamlı İnkişaf Məqsədinin icrasına dair gələn il ölkəmizdə beynəlxalq konfransın təşkili məsələləri ilə bağlı məlumat verib.

Nazirliyin əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi barədə təqdimatla çıxış edib. Məcəlləyə nəzərdə tutulan dəyişikliklər komissiya üzvləri tərəfindən geniş müzakirə olunub, bir sıra təkliflər də səsləndirilib. Qanun layihəsindəki bəzi məqamların müzakirəsinin Komissiyanın növbəti iclasında davam etdirilməsi qərara alınıb.

AHİK sədrinin I müavini İlyas Əliyevin "2018-2019-cu illər üçün Baş Kollektiv Sazişin layihəsi haqqında" mövzusunda çıxışı dinlənilib. İ.Əliyev deyib, sazişin bu layihəsi quruluşuna görə əvvəlki sazişlərdən prinsip etibarilə fərqlənmir. Bu müqavilə altı bölmədən ibarətdir. Birinci bölmədə iqtisadi siyasət sahəsində əsas istiqamətlər göstərilir, ikinci bölmədə əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi sahəsində öhdəliklər, üçüncü bölmədə əmək bazarı və məşğulluqla bağlı mülahizələr, dördüncü bölmədə sosial müdafiənin gücləndirilməsi istiqamətləri qeyd olunur. Beşinci bölmədə əmək hüquqlarının müdafiəsi və əməyin mühafizəsi, altıncı bölmədə sosial partnyorluqla bağlı öhdəliklər əksini tapmışdır.

Sazişin birinci bölməsində prinsipial dəyişikliklər baş verməyib. Lakin ölkə Prezidentinin son çıxışlarında qarşıya qoyduğu vəzifələrə əsasən, kənd təsərrüfatının inkişafına aid bir neçə mülahizə əlavə olunmuşdur.

"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ildə minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti 60 faiz təşkil etməlidir. Bununla əlaqədar Sazişdə bu nisbətin mərhələlərlə artırılması və 2019-cu ildə 50 faizə çatdırılması nəzərdə tutulur.

Sədr müavini tədbir iştirakçılarını digər bölmələrdə götürülmüş öhdəliklərin əhəmiyyəti və işçilərin sosial, əmək hüquqlarının daha yüksək səviyyədə müdafiəsində oynayacağı rol barədə ətraflı məlumatlandırdı.

Onu da bildirdi ki, bütün bölmələrdə müxtəlif qanunvericilik aktlarının təkmilləşdirilməsi nəzərdə tutulur. Beynəlxalq Əmək Təşkilatının "Əməyin təhlükəsizliyi və gigiyenası haqqında" (1981-ci il, 155 saylı), "Kənd təsərrüfatlarında əməyin təhlükəsizliyi və gigiyenası haqqında" (2001-ci il, 184 saylı), "Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsinin əsasları haqqında" (2001-ci il, 187 saylı), "Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında" (1988-ci il, 168 saylı) konvensiyalarının ratifikasiya imkanlarının araşdırılması layihədə əksini tapır.

Tədbir nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanovun "Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı çərçivəsində həyata keçriləcək "Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş pilot subsidiya proqramı" barədə məlumat verməsi ilə davam edib. Gənclərin məşğulluğunun dəstəklənməsinə xidmət edən proqram Komissiya üzvləri tərəfindən müsbət dəyərləndirilib.

Daha sonra iclasda təşkilati məsələlərə baxılıb. Bildirilib ki, Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə görə, Komissiyada təmsil olunan Tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla bir il müddətinə Komissiyanın sədri seçilir. Beləliklə, ardıcıllığa uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev növbəti bir il üçün Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti Şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov isə Komissiyada nazirliyin nümayəndəsi və əlaqələndirici şəxsi seçilib.