Ünvanlı dövlət sosial yardımı daha əlçatan olacaq


Baxıldı : 467

Tarix : 2020-06-12 05:59:30


Ölkə Prezidentinin ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığını asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyələri əsasında hazırlanan qanun layihəsi təsdiqləndi.

İyunun 2-də Milli Məclisdə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi səsə qoyularaq qəbul edildi.

 Qanunda edilmiş dəyişikliklərə millət vəkili Vüqar Bayramov aydınlıq gətirdi. O dedi ki, bununla da ünvanlı sosial yardım almaq hüququ olan ailələrin kateqoriyası genişlənir. Yeni dəyişikliklərə görə, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması meyarları da nəzərə alınacaq. Adıçəkilən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat 7 iş günü ərzində dövlət qurumuna bildirilməli idisə, təklif olunan dəyişikliklər təsdiq olunduqdan sonra bu müddət 15 iş gününədək uzadılacaq.

V.Bayramov qeyd etdi ki, elektron məlumatlarda dəyişiklik baş verdiyi halda, ünvanlı sosial yardım alan vətəndaşın bu barədə icra qurumunu məlumatlandırmasına artıq ehtiyac yoxdur. Sözügedən sosial yardımın verilməsi müddəti 2 ildən 1 ilə endirilir və bununla da həmin ailələrin aktiv məşğulluğa cəlb edilməsi hədəflənir: “Sosial yardıma müraciət qaydalarında da dəyişiklik var. Belə ki, əvvəlki qaydalara görə, kredit öhdəliyi olan vətəndaşın ünvanlı sosial yardıma müraciət hüququ məhdudlaşırdı. Amma yeni dəyişiklikdə krediti olanlar da ünvanlı sosial yardıma müraciət edə biləcəklər. Eyni zamanda aliment gəlir və ya xərc kimi nəzərə alınmayacaq və bu da aztəminatlı ailələrin yardıma müraciət imkanlarını artıracaq”.

İqtisadçı-ekspert Natiq Cəfərov isə dedi ki, ünvanlı sosial yardımın elektronlaşması və əlçatanlığı ilə bağlı edilən bəzi dəyişikliklər yardımların ayrılmasında insan amilini  azaltmaq üçündür. Ödənişlərin həcmi ilə bağlı yeni qaydalar qəbul edildi. Əvvəllər ünvanlı sosial yardımın ayrılması və ödənişlərin təsnifatı ilə bağlı daha çox insan faktoruna əsaslanan yanaşma var idi. Dəyişikliklər bu prosesin daha aydın formada həyata keçirilməsinə və məmurların müdaxiləsinin minimuma endirilməsinə xidmət edəcək.

N.Cəfərov onu da qeyd etdi ki, əvvələr daşınmaz və ya daşınan əmlakla bağlı belə bir şərt var idi ki, araşdırılmadan vətəndaşın adına  hər hansı bir əmlakı var idisə, o şəxsə sosial yardımın verilməsinə etiraz olunurdu. İndi isə yeni qaydalara əsasən, konkret araşdırmalar aparılacaq, həqiqətən ehtiyacı olan  vətəndaşlarımız asan şəkildə yardım əldə edə biləcəklər.

“Ümumilikdə edilən dəyişiklikləri müsbət qiymətləndirirəm. Əgər qaydalara əməl olunarsa, yardımın ehtiyacı olan şəxsə çatdırılmasına  ciddi şəkildə nəzarət edilərsə, ünvanlı sosial yardımın əlçatanlığı artacaq və çevrəsi daha da genişlənəcəkdir”, - deyə N.Cəfərov bildirdi.

 

Gülöyşə MƏMMƏDLİ