Üzgüçülük və nərd yarışlarının qalibləri


Baxıldı : 30

Tarix : 2017-11-10 21:17:42


“Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən XX Respublika Spartakiadası çərçivəsində növbəti yarışlar baş tutub.

Noyabrın 1-də Milli Aviasiya Akademiyasının idman zalında kişi və qadınlardan ibarət komandalar arasında üzgüçülük yarışları keçirilib. Xatırladaq ki, üzgüçülük yarışları cəmiyyət tərəfindən spartakiadanın proqramına ilk dəfə salınıb və gözlənildiyi kimi çox uğurlu keçib. Yarışın yekun nəticəsinə görə kişilərdən ibarət komandalar arasında ən yaxşı göstərici Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı işçilərinə məxsus olub. İkinci sırada aviasiya işçiləri qərarlaşıblar. Metropolitençilər isə yarışı üçüncü yerdə başa vurublar.

Qadınlardan ibarət komandaların yarışında Aviasiya işçiləri fərqləniblər və fəxri kürsünün ilk pilləsinə qalxıblar. Metropolitençilər və avtomobilçilər isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər. 

Noyabrın 3-7-də Milli Aviasiya Akademiyasının idman zalında təşkil olunan nərd yarışlarının qalibi Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı işçiləri olub. Müdafiə Sənayesi işçiləri ikinci, Elektroenergetika və Elektrotexnika Sənayesi işçilərinin komandası isə üçüncü yeri tutub.

Qalib komandalara diplom və qiymətli hədiyyələr təqdim olunub.

Azər MUSTAFAYEV