Üzvlərin hüquqlarını maksimum səviyyədə qoruyuruq


Baxıldı : 36

Tarix : 2017-09-16 00:48:02


Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Hazırda rayon üzrə mövcud olan 102 min hektar sahənin 24.290 hektarı xüsusi mülkiyyətə, 29.290 hektarı bələdiyyə mülkiyyətinə və 48.213 hektarı isə dövlət mülkiyyətinə verilmişdir. Ötən illərlə müqayisədə üzümçülük, taxılçılıq, heyvandarlıq və digər sahələr inkişaf etmişdir. Aparılan tikinti-quruculuq, abadlıq işləri rayonumuzun simasını tamamilə dəyişmişdir.

Sadaladığım təsərrüfat sahələrinin inkişafında, quruculuq-abadlıq işlərinin həyata keçirilməsində "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi də fəal iştirakçı olmuşdur. Sıralarımızda birləşən ilk həmkarlar ittifaqı təşkilatları ilə müəssisə rəhbərləri arasında kollektiv müqavilələr bağlanmışdır. Rayon komitəsi kollektiv müqavilələrin yerinə yetirilməsinə daimi nəzarət edir. Komitəmiz işçilərin sosial-iqtisadi mənafelərini və hüquqlarını Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq maksimum səviyyədə qoruyur. Ərizə və şikayətlərə vaxtlı-vaxtında baxılır və müvafiq tədbirlər görülür.

Son illər istehsalatın özəl sektorunu təşkil edən bir neçə orta, kiçik müəssisədə həmkarlar ittifaqı təşkilatı yaradılmışdır. Buna misal olaraq "Damla" MMC sudoldurma, "Şəhniyar" fermer təsərrüfatı və "Birinci Şıxlı" Kəndli Fermer Təsərrüfatı MMC-ni göstərmək olar. Onu da qeyd edim ki, "Birinci Şıxlı" Kəndli Fermer Təsərrüfatı MMC-də 64 nəfər işçi daimi, 300 nəfər işçi isə əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Müəssisənin 779.50 hektar əkin sahəsi var.

Komitəmizin işinin əsas istiqamətlərindən biri də yerlərdə əməyin mühafizəsi qaydalarına əməl edilməsidir. Bu məsələ ilə əlaqədar komitəmiz tez-tez təşkilatlarda seminarlar keçirir. İşçilərin xüsusi paltar, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmasını nəzarətdə saxlayırıq. Yerlərdə mədəni-kütləvi tədbirlər təşkil edirik. Həmin tədbirlərdə əməkdə fərqlənən işçilərə pul və qiymətli hədiyyələr veririk. Bundan əlavə, aztəminatlı ailələrə maddi yardımlar göstəririk. Ehtiyacı olanları güzəştli yollayışla sanatoriyalara göndəririk. İdman yarışları keçiririk.

Fəaliyyətimizin digər sahələrində də çox sayda uğurlarımız var. Əlbəttə, onların hamısı haqqında kiçik bir yazıda danışmaq mümkün deyil. Sözümü onunla bitirirəm ki, biz həmkarlar ittifaqı olaraq təşkilatımızın hər üzvünün qayğıları ilə yaşamağı vəzifə borcumuz bilirik. Bundan sonra da bu vəzifəmizi layiqincə yerinə yetirməyə çalışacağıq.

 

F.QOCAMANOV,

“Kənd-Qida-İş" Hİ Qazax Rayon Komitəsinin sədri