Uğurların açarı - diqqət və qayğı


Baxıldı : 58

Tarix : 2019-07-08 07:24:31


İnsanın xisləti belədir ki, yaşından və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, həmişə diqqət və qayğı gözləyir. Biz bu xisləti motivasiya ilə bağlı həyata keçirdiyimiz siyasətin başlıca prinsipi hesab edirik.

İnsanlara belə yanaşma öz bəhrəsini verir. Son 3 ildə yaşı 65-ə çatdığından rayon təhsil işçilərindən 132 nəfərinin əmək müqaviləsinə xitam verilmişdir. Bu insanlar rayonumuzda təhsilin inkişafında böyük xidmətlər göstərmişlər. Biz imkanımız daxilində onları təqaüdə layiq olduqları təntənə, hörmətlə yola saldıq. Arxayın etdik ki, sizinlə əlaqəni üzməyəcək, tez-tez görüşəcəyik. Təntənəli yolasalma mərasimlərində gənc müəllimlər də iştirak edirdilər. Bu, onlar üçün də gələcəklərinə və həmkarlar ittifaqı komitəsinə inam oyatdı. Təsadüfi deyil ki, əvəzində rayonumuza göndərişlə gəlmiş 250 nəfərdən çox gənc müəllim könüllü şəkildə ittifaqımıza üzv yazıldı.

Yeni yaradılmış Dövlət Humanitar və Texnologiya Kollecinin kollektivi də həmkarlar ittifaqı komitəsi təsis edib sıralarımıza qoşuldu. Beləliklə, rayon komitəsində ittifaq üzvlərinin sayı 2700- dən 2875, tələbələrlə birlikdə 3300 nəfərə çatdırılmışdır.

Komitəmiz ittifaq üzvlərinin sosial hüquqlarının pozulmasının qarşısını alır, Əmək Məcəlləsinin maddələri, digər qərar və təlimatlarla ittifaq üzvlərini maarifləndirir. Ötən il 9, son beş ildə isə 47 nəfərə yaxın təhsil işçisi hüquqlarının pozulması haqqında ərizə ilə rayon komitəsinə müraciət etmişdi. Rayon komitəsi AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü ilə Əmək Məcəlləsinə əlavə edilmiş 80-ci maddəyə və digər qanunverici təlimat və sənədlərə istinad edərək onların hüquqlarını bərpa edə bilmişdir.

Rayon komitəsi rayonun dağlıq zonada yerləşməsi, iqlim şəraitinin kəskin olması ilə əlaqədar işçilərin əmək şəraitinin yaxşılaşdırılması, xüsusən məktəblərdə istilik sisteminin qurulması üçün dəfələrlə müvafiq təşkilatlar qarşısında məsələ qaldırmışdır. Bunun nəticəsi olaraq son beş ildə ölkə rəhbərinin diqqəti və Təhsil Nazirliyinin qayğısı sayəsində rayonda 15 yeni məktəb binası tikilmiş, 32 məktəbdə əsaslı təmir aparılmış, 51 təhsil müəssisəsində isə isitmə sistemi müasir tələblər səviyyəsində qurulmuşdur ki, bu da 1900 nəfərdən çox təhsil işçisinin əmək şəraitinin yaxşılaşmasına imkan yaratmışdır.

TİAHİ Respublika Komitəsinin Təhsil Nazirliyi ilə bağladığı kollektiv sazişdə əlil təhsil işçilərinin iqtisadi durumunun yaxşılaşdırılmasına aid maddə də əksini tapmışdır. Bu maddəyə əsaslanaraq 2004-cü ildən bu vaxta qədər hər il 110 nəfərdən çox əlil təhsil işçisinin əməkhaqqına 20% əlavə ödəniş edilməsinə nail olmuşuq.

Rayonun təhsil müəssisələrində sosial tərəfdaşların səmərəli dialoqu, həmkarlar ittifaqı ilk təşkilatlarının birgə fəaliyyətləri nəticəsində iş mühiti xeyli yaxşılaşmış, təhsil göstəriciləri respublikada öncül yerə çıxmışdır. 22 məktəbimiz “Ən yaxşı məktəb”, 26 nəfər müəllimimiz “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi olmuş, Respublika Prezidenti tərəfindən mükafatlandırılmışdır.

Üç məktəb həmkarlar ittifaqı təşkilatı Respublika Komitəsinin keçirdiyi “Ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı” müsabiqəsinin qalibi olmuşdur. Daha dörd məktəbimiz əməyin mühafizəsi üzrə Respublika baxış-müsabiqəsində fərqlənmişdir.

Rayon komitəsi bundan sonra da ittifaq üzvlərinin sosial hüquqlarının qorunması və iqtisadi vəziyyətinin yaxşılaşdırılması, sağlamlığı və asudə vaxtının səmərəli təşkili sahəsində üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməyə çalışacaqdır.

 

Hafiz KƏRİMOV,

TİAHİ İsmayıllı Rayon Komitəsinin sədri