Uğurların davamı gəlsin


Baxıldı : 98

Tarix : 2017-06-02 21:44:24


IV İslam Həmrəyliyi Oyunlarında qazanılan uğurlarda qadın idmançılarımızın da böyük rolu olub. Onlar bütün idman növlərində olduğu kimi, güləş üzrə keçirilən yarışlarda da gözləntiləri doğruldublar. Güləş üzrə yığmanın səkkiz xanım pəhləvanının hamısı İslamiadada müxtəlif əyarlı medallara sahib olub. Mükafatçılar arasında "Zenit" İdman Cəmiyyətinin yetirməsi Elmira Qəmbərovanın da adı var. 

Xatırladaq ki, o, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda 63 kiloqram çəki dərəcəsində çıxış edib. İdmançımız üçüncü yer uğrunda görüşdə kamerunlu Berte Emilen Etan Nqollaya 8:0 hesabı ilə qalib gəlib və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olub.

İstedadlı məşqçi-müəllim Aslan Ağayevin rəhbərliyi altında keçirilən məşq prosesi isə uğurların davamlı olacağına işarədir. Qarşıda isə onları doğma divarlar arasında daha bir gərgin yarış gözləyir.

Beləliklə, Azərbaycanın kişi və qadın güləşçiləri İslamiadada ümumilikdə 12 qızıl, 6 gümüş və 5 bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə pəhləvanlarımız yarışlarda 4 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz milli komandamızın aktivinə 4 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıblar. Qadın pəhləvanlarımız isə İslamiadanı 4 qızıl, 3 gümüş və 1 bürünc medalla başa çatdırıblar.

Azər MUSTAFAYEV