Uğurların əsasında işçiyə qayğı durur


Baxıldı : 79

Tarix : 2018-10-06 05:09:54


“İstehsalat Tikinti Mexanizasiya Şirkəti” (İTMŞ) MMC-də “7 Oktyabr Ləyaqətli Əmək Günü” münasibətilə yığıncaq keçirilmişdir. Yığıncaqda “İnşaat-İş” Həmkarlar İttifaqının sədri Umud Hüseynov çıxış etmişdir. O, əvvəlcə Beynəlxalq Əmək Təşkilatının işçilərin əməyinin təhlükəsizliyi, ödənilməsi və sair üzrə statistik məlumatlarını diqqətə çatdırmışdır. Demişdir ki, statistik məlumatlar da göstərir ki, dünyamızda ümumilikdə insanların əməyi layiq olduğu səviyyədə dəyərləndirilmir. İş yerlərində təhlükəsizlik qaydalarının tələbləri istənilən səviyyədə qorunmur. İstehsalat xəsarətləri, istehsalatda ölüm halları azalmır, əksinə, artır. Təəssüf ki, respublikamızda da peşə xəstəlikləri, iş vaxtı qəza halları baş verir. Təsəlliverən odur ki, dövlət səviyyəsində bu hallara qarşı mübarizə aparılır. Bu mübarizədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəallığı xüsusi qeyd olunmalıdır.

Umud müəllim İTMŞ MMC-də işçilərin təhlükəsizliyi naminə yaradılan şəraiti də dəyərləndirdi. Məndə olan məlumata görə, həmkarlar ittifaqları ilə bağlanmış kollektiv müqavilədə götürülmüş öhdəliklərə əsasən, işəqəbul zamanı işçilər təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırılır. Müəssisəyə gətirilən hər bir yeni texnikanın texniki göstəriciləri onu idarə edəcək işçiyə izah edilir. İşçilər xüsusi geyimlə, mühafizə vasitələri ilə təchiz olunur. Əməkhaqqı vaxtında ödənilir. Məhz bütün bunların nəticəsidir ki, burada istehsalat xəsarəti qeydə alınmayıb.

Tədbirdə AHİK-in Əməyin Mühafizəsi Şöbəsinin mütəxəssisi Mürvət Mehrabov, “İnşaat-İş” Həmkarlar İttifaqının baş texniki əmək müfəttişi Ələddin Məmmədov, MMC-nin Həmkarlar İttifaqının sədri Nazir Haqverdiyev çıxış etdilər, layiqli əməyə nail olmaqdan ötrü işəgötürənlərlə həmkarlar ittifaqının əməkdaşlığının vacibliyini söylədilər. Qeyd etdilər ki, hər iki tərəfdaş bu istiqamətdə fəaliyyətlərini birləşdirməli, vaxtaşırı məsləhətləşmələr aparmalıdır.