Uğurlarla yadda qalıb


Baxıldı : 225

Tarix : 2018-01-19 19:01:40


Ölkəmizdə idmanın inkişafında və bu sahəyə gənclərin cəlb olunmasında uğurlu fəaliyyət göstərən idman cəmiyyətlərindən biri də “ Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyidir (BTİCİB). 

“Zenit” BTİCİB Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin tabeliyindədir.  İdman Cəmiyyəti xüsusilə təkbətək döyüş növləri üzrə idmançıların hazırlanması sahəsində zəngin təcrübəyə malikdir. Burada idmanın sərbəst və yunan-Roma güləşi, boks, cüdo, taekvando və sambo bölmələri fəaliyyət göstərir. İdman ocağının fəaliyyəti təkcə paytaxt ilə məhdudlaşmır. Sumqayıt və Gəncə şəhərlərində də yerli şuralar fəaliyyət göstərir. Təcrübəli məşqçilər Aslan Ağayev ( sərbəst güləş), Cavid Qurbanzadə (sərbəst güləş), Təvəkkül Məmmədov (boks), Əbülfət Məmmədov ( yunan-Roma güləşi), Zöhrab Abbasov (yunan-Roma güləşi), Qərib Əliyev (yunan-Roma güləşi), Emil Fətullayev (cüdo), Ramil Həsənov (taekvando)  və digərləri yetirmələrinin peşəkar idmançı kimi püxtələşməsində, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmələrində böyük əmək sərf edirlər. Təsadüfi deyil ki, yüksək səviyyəli turnirlərdə, mötəbər yarışlarda uğur qazanan idmançılar arasında cəmiyyətin yetirmələrinin də sayı kifayət qədərdir. Cəbrayıl Həsənov, Əfqan Xaşalov, Namaz Rüstəmov, Nofəl Babayev, Əlihəsən Əmirli, Kəramət Hüseynov, Elmira Qəmbərova və başqaları məhz “Zenit” İC-nin üzvləridir.

“ Zenit” BTİCİB-in sədri Fazil Hadıbəyov 2017-ci ilin də cəmiyyət üçün uğurlu olduğunu deyib: “Bunu qazanılan mükafatların sayı deməyə əsas verir. Ötən il ərzində 37 yarışda ( 20 beynəlxalq və 17 respublika yarışları) iştirak edən cəmiyyətin idmançılarının nəticələri də qənaətbəxş olub. Beynəlxaql yarışlarda ümumi olaraq 34 medal ( 11 qızıl, 4 gümüş və 19 bürünc medal) qazanılıb. Respublika yarışlarında isə mükafat alan idmançılarımızın sayı 42 nəfərdir ( 11 qızıl, 13 gümüş və 18 bürünc medal). Hər bir idman cəmiyyətinin əsas amalı onun idmançılarının yüksək nəticə göstərməsidir. Bu gün fəxrlə demək olar ki, “Zenit” İC qarşısına qoyduğu məqsədə çata bilir. Təbii ki, bir sıra problemlərimiz var, biz onları həll etməyə çalışırıq. İstedadlı məşqçi heyətimiz və həvəslə hazırlaşan gənc idmançılarımızın sayəsində bütün çətinlikləri dəf edirik. Qazandığımız uğurlar cəmiyyətimizə gənc nəslin yeni nümayəndələrini cəlb edir. Şübhəsiz ki, bu uğurlar məntiqi, ardıcıl dövlət siyasətinin və proqramının nəticəsidir. İl ərzində cəmiyyətimiz tərəfindən də müxtəlif idman tədbirləri keçirilib. Bu yarışlarda digər idman cəmiyyətlərinin və klublarının üzvləri də iştirak edirlər. Hər il ənənəvi olaraq “Zenit” İdman Cəmiyyətinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Respublika Spartakiadası keçirilir. Bu il təşkil olunan  XX Respublika Spartakiadasının proqramına ilk dəfə olaraq üzgüçülük idman növü üzrə yarışlar daxil edilib. Ümumilikdə Spartakiadaya maraq hər il artır”.

Fazil müəllim qeyd edib ki, biz hər bir idmançımıza böyük ümidlə baxırıq. Onların hər biri gələcəyin çempionlarıdır. İnanıram ki, yetirmələrimiz uğurları ilə bizi yenə də sevindirəcəklər.

 Azər MUSTAFAYEV