Uğurlarla yanaşı, narahatlıq doğuran məsələlərdən də danışıldı


Baxıldı : 37

Tarix : 2017-10-27 23:28:30


Oktyabr ayının 17-dən 21-dək Türkiyənin İstanbul şəhərində Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyi Şurasının (BHB avia) ilin yekunlarına və əməyin mühafizəsinə həsr olunmuş iclası keçirilmişdir. Tədbirdə Birliyə daxil olan Azərbaycan, Rusiya, Özbəkistan, Ukrayna, Belarus, Qırğızıstan, Tacikistan, Moldova, Qazaxıstan və Latviyanın aviasiya işçiləri həmkarlar ittifaqı təşkilatları iştirak etmişlər.

 

İclası giriş sözü ilə açan Birliyin, həmçinin Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov demişdir, hava daşımalarının və aviasiya işlərinin həcminin artması hər bir aviasiya müəssisəsindən yüksək icra intizamı, mütəşəkkillik və dəqiqlik, əməyin mühafizəsi tələblərinə ciddi şəkildə riayət olunmasını tələb edir. Məhz bu tələb üzv təşkilatların əməyin mühafizəsi məsələlərinə böyük əhəmiyyət verməsini önə çıxarır.

Birlik sədri demişdir, bütün üzv təşkilatların xidmətində olan müəssisələrdə rəhbərliklə həmkarlar ittifaqları arasında bağlanan kollektiv müqavilələrdə “Əməyin mühafizəsi" bölməsi mühüm yer tutur. Bu bölmənin predmetini qanunvericiliklə müqayisədə əmək şəraitinə və əməyin mühafizəsinə, işəgötürənin təqdim etdiyi zəmanətlər və güzəştlərə dair daha çox əlavə müddəalar, həmkarlar ittifaqlarının işçilərin hüquqlarının müdafiəsi və maraqlarının təmsil olunması barədə öhdəlikləri təşkil edir.

Konkret olaraq deyim ki, Azərbaycanın aviasiya müəssisələrinin rəhbərliklərinin həmkarlar ittifaqı ilə birlikdə apardığı profilaktika işi işçilərin həyatı üçün risk amillərini minimuma endirməyə imkan vermişdir. Məsələn, işçilər ən yaxşı sağlamlıq mərkəzlərinə pulsuz sanator-kurort yollayışları ilə təmin edilirlər. Onu da deyim ki, yollayışlar ilk növbədə uçuş və kabinə heyəti işçilərinə, aviasiya dispetçerlərinə verilir.

İclasda digər çıxışlar da dinlənildi. Üzv təşkilatların nümayəndələri öz ölkələrinin təcrübəsindən danışdılar. Məlum oldu ki, əksər üzv ölkələrdə tərəfdaşlarla həmkarlar ittifaqlarının bağladıqları kollektiv müqavilələrdə işçilərin təhlükəsizliyini təmin edəcək öhdəliklər əksini tapıb. Öhdəliklərə istehsalat binalarının və qurğuların saz vəziyyətdə saxlanılması, maşın və avadanlıqların təhlükəsizlik tələblərinə cavab verməsi, işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, onların tibbi sığorta müayinəsindən keçirilməsi və sair daxildir. Kollektiv müqavilələr konkretliyi və dəqiqliyi baxımından da təqdirəlayiqdir. Öhdəliklərdə iş yerlərinin tozluluq, rütubət, qazlanma, səs, titrəmə... normativ göstəricilərə uyğunlaşdırılması da nəzərdə tutulmuşdur. Bu sənədlərdə bədbəxt hadisələrdən zərər çəkmiş işçilərə veriləcək birdəfəlik müavinətlərin həcmi də müəyyənləşdirilmişdir.

Çıxışlarda narahatedici məqamlara da diqqət cəlb olundu. Bildirildi ki, MDB dövlətlərinin mülki aviasiyasında əməyin mühafizəsi hazırda işçilərlə işəgötürənlərin  maraqlarının toqquşduğu ağrılı nöqtədir. Görülən bütün tədbirlərə baxmayaraq, bəzi ölkələrdə əməyin mühafizəsinin idarə olunması sahəsində dövlət siyasəti sistem kimi formalaşmayıb. Onun tamlığını və istiqamətini təmin edən elementlər dəqiq müəyyənləşdirilməyib.

Çox təəssüf ki, hüquq və texniki müfəttişlərin sayının azlığı həmkarlar ittifaqlarının hüquqların müdafiəsi sahəsindəki fəaliyyətini, əmək şəraitinə və əməyin mühafizəsi şərtlərinə əməl edilməsinə nəzarət cəhdlərini çətinləşdirir.

Çıxışlarda Şuranın maarifçilik fəaliyyəti barədə də danışıldı. Bildirildi ki, Şura dəfələrlə həmkarlar ittifaqı fəallarının və həmkarlar ittifaqı rəhbərlərinin iştirakı ilə əməyin mühafizəsi məsələləri ilə bağlı seminarlar və müşavirələr keçirmişdir. Belə ki, 2017-ci ilin mart ayında Gəncədə (Azərbaycan Respublikası) aviasiya müəssisələrində təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, mülki aviasiya işçilərinin fərdi mühafizə vasitələri ilə təmin olunması ilə bağlı tədbirlər təşkil edilib. Mülki aviasiya təşkilat və müəssisələrində iş yerlərinin attestasiyasının keçirilməsinə dair müşavirə keçirilib. Müşavirə iştirakçıları "Gəncə" Beynəlxalq Hava Limanının ilk həmkarlar ittifaqı komitəsində əməyin mühafizəsi sahəsində qazanılmış müsbət təcrübə ilə tanış olmuşlar.

Tədbirdə Beynəlxalq Avrasiya Metal İşçiləri Həmkarlar İttifaqları Federasiyasının prezidenti Pevrul Kavlak, Baş katibi İsmayıl Dursun və Baş katibin müavini Turacon Raupov, Türkiyə Otel, Lokanta Dinlenme Yerleri İşçiləri Sendikasının Genel başkanı Cemail Bakındı da iştirak etmişlər.

Sonda həmkarlar ittifaqı təşkilatlarının işində yaxından iştirak etdiyinə görə, bir neçə həmkarlar ittifaqı fəalı Fəxri Fərman və Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin "20 illik" döş nişanı ilə təltif olunmuşdur.