Uğurlu siyasətin növbəti təntənəsi


Baxıldı : 68

Tarix : 2017-09-23 01:45:04


Prezident İlham Əliyevin BMT-də çıxışı Azərbaycanın  Ermənistan üzərində üstünlüyünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın Ermənistanı diplomatik cəbhədə küncə sıxışdırması effektiv nəticələr verməkdədir. Erməni yalanları artıq dünyanı özünə inandıra bilmir. Beynəlxalq ictimaiyyət tədricən ifşa olunan Ermənistanın əsl simasını görməkdədir. Bu günlərdə Prezident İlham Əliyevin BMT Baş Assambleyasında etdiyi çıxış isə Azərbaycan dövlətinin işğalçı Ermənistanın ifşası istiqamətində növbəti uğurlu addımı oldu.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, AHİK sədri, BHİK-in və PARŞ-ın vitse-prezidenti Səttar Möhbalıyevin fikirlərini təqdim edirik.

 İlham Əliyev Azərbaycanı zirvələrə yüksəltdi

Prezident İlham Əliyevin Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı, dövlət başçısının son illər həyata keçirdiyi çoxşaxəli müstəqil xarici siyasət kursunun Azərbaycanın milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemindəki gücünün və artan nüfuzunun göstəricisi idi.

Azərbaycan Prezidenti BMT kimi nüfuzlu təşkilatın tribunasından həm işğalçı Ermənistana, həm də dünya ictimaiyyətinə mühüm mesajlar verdi. Dövlət başçısı həm də beynəlxalq təşkilatları, fövqəlgücləri qınayaraq onların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki susqunluqlarını ikili standartlar kimi qiymətləndirdi.

Cənab İlham Əliyev həmişə olduğu kimi, işğalçı ölkənin rəhbəri Serj Sarkisyanın uşaq qatili olduğunu, mülki əhaliyə qarşı hərbi təcavüzün başında dayandığını deyərək ona layiq olduğu "qiyməti" verdi və terrorçuya öz yerini göstərdi.

Beynəlxalq qurumlara da öz mesajını ünvanlayan dövlət başçısı sual etdi: Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur?

Əlbəttə ki, bunun cavabı ikili standartlardır. Cənab Prezidentin dediyi kimi, təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.

Azərbaycan Prezidenti dünya ictimaiyyətinin böyük maraqla izlədiyi BMT tribunasından Ermənistana növbəti sərt xəbərdarlığını etdi. Cənab İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin eyni zamanda Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.

Bu, o demək idi ki, Azərbaycan heç zaman bu işğalla barışmayacaq və öz tarixi torpaqlarını düşmən tapdağından təmizləməkdə israrlıdır.

Prezident İlham Əliyev eyni zamanda Ermənistan işğalının yaratdığı böyük çətinliklərə baxmayaraq, Azərbaycanın yeni inkişaf konsepsiyası, ölkəmizin uğurlu inkişafı barədə geniş məlumat verdi.

Azərbaycanın beynəlxalq qurumlarla hərtərəfli əməkdaşlıq etdiyini, dünya birliyinin etibarlı tərəfdaşı olduğunu söyləyən cənab Prezident bəyan etdi ki, müasir, sabit ölkə olan Azərbaycanda demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir. Ərazisində, demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir.

Azərbaycan xarici maliyyə dəstəyi olmadan erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün təxminən 100 yeni qəsəbə və şəhərcik salıb. Bu günə qədər 250 mindən artıq məcburi köçkünün həyat şəraiti yaxşılaşdırılıb, onlara yeni evlər və mənzillər verilib.

Bununla yanaşı, Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir, Avropa ilə Asiya arasında yerləşən ölkəmiz aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir. Son illərdə Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmiş, 11 min kilometr müasir şose və yollar çəkilmişdir. Xəzər dənizində Azərbaycanın 270 gəmidən ibarət ən iri ticarət donanması var.

Əlbəttə ki, bütün bunlar Azərbaycan həqiqətləridir və cənab Prezident son 14 ildə ölkəmizin əldə etdiyi uğurları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla bir daha bəyan etdi ki, müstəqilliyinin cəmi 26 yaşı olan bir ölkə artıq dünyada regional və qlobal əhəmiyyətli aktor rolunu oynayır.

Prezident İlham Əliyevin Azərbaycana liderlik etdiyi dövrü səciyyələndirən cəhətlərdən biri ölkəmizin qlobal informasiya məkanında mövqeyini möhkəmləndirməsidir. Ölkəmizin beynəlxalq nüfuzunun artması isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır.

BMT-nin Baş Assambleyasının 72-ci sessiyası Azərbaycanın, xüsusilə də Prezident İlham Əliyevin uğurlu diplomatiyasının növbəti təntənəsi kimi yaddaşlara yazıldı. Dövlət başçısının bu mötəbər toplantıda Ermənistanın işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən dünyaya çatdırması Azərbaycana həm də siyasi dividendlər qazandırdı.

 

“Azərbaycan" qəzeti,

22 sentyabr 2017-ci il