Ulu öndərin mənalı və şərəfli ömür yolu


Baxıldı : 254

Tarix : 2015-12-12 07:19:00


Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin tarixində və xalqın yaddaşında əbədi izlər qoymuşdur. Müasir Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, respublikamızda demokratik, hüquqi dövlət quruculuğunun başlıca problemlərinin həlli onun adı ilə bağlıdır. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşayıb, hər zaman milli ideallara bağlı olub. Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib. Ölkəyə rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev millətinin təhsilini, elmini, mədəniyyətini, respublikanın sənayesini, kənd təsərrüfatını inkişaf etdirib. Amalı Azərbaycanı iqtisadi cəhətdən inkişaf edən, müstəqil, dünya birliyində tanınan, nüfuzlu dövlət kimi görmək idi və bunu gerçəkləşdirmək üçün əlindən gələni etməyə çalışırdı. 1993- cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətçiliyini məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Qısa müddətdə hakimiyyət böhranına son qoyuldu. Ermənistanla müharibədə atəşkəs elan edildi. Ölkədə hökm sürən xaosun, anarxiyanın, özbaşınalığın, dövlət çevrilişi cəhdlərinin qarşısı birdəfəlik alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi və nəticədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı.Azərbaycanda demokratik dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyuldu. Qısa bir zaman kəsiyində iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev ölkəmizin davamlı, dinamik inkişafı istiqamətində də islahatlar həyata keçirdi. Böyük rəhbərin yeritdiyi uğurlu xarici siyasət nəticəsində ölkə daxilində sabitliyin qorunması, iqtisadi islahatların aparılması, vətəndaş həmrəyliyi və milli birlik, müstəqil Azərbaycanın beynəlxalq miqyasda tanınması təmin olunub, Azərbaycan haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Zaman keçdikcə Azərbaycanın beynəlxalq aləmdə dinamik inkişafa malik olan ölkə kimi tanınması, dövlətimizin iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihələrin həyata keçirilməsinin mümkünsüzlüyü dahi rəhbərin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlu davamının nəticəsidir.Heydər Əliyevin siyasi məktəbinin yetirməsi, onun ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin qeyd etdiyi kimi: \ Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır\ .A.MUSTAFAYEV