Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib


Baxıldı : 1679

Tarix : 2019-04-12 18:13:57


Aprelin 11-də Moskvada Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) prezidenti,  Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovun sədrliyi ilə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

ÜHİK-in  İcraiyyə Komitəsi bu qurumun Şurasının aprelin 12-də keçiriləcək iclasının gündəliyini, iş qaydasını, redaksiya komissiyasının tərkibini, eləcə də hazırlanmış sənədlərin layihələrini nəzərdən keçirib. Müzakirədən sonra onların Şuranın iclasına təqdim edilməsi üçün qərar qəbul olunub.

ÜHİK-in Baş katibinin müavini Albert Potapov “ÜHİK-ə üzv təşkilatların fəaliyyət göstərdiyi müstəqil ölkələrdə BƏT-in konvensiyalarının  ratifikasiyası və uyğunluğu haqqında” çıxış edib. Çıxışa münasibət bildirən İcraiyyə Komitəsi təsdiq etdi ki, ötən il müstəqil dövlətlərin həmkarlar ittifaqları birlikləri ÜHİK-in siyahısına daxil olan BƏT-in 11 konvensiyasının və digər beynəlxalq əmək normalarının ratifikasiyası üçün əhəmiyyətli iş görüblər.

 davamı səhifə 2-də

 

əvvəli səhifə 1-də

Həmkarlar ittifaqları hakimiyyət orqanlarına və biznes strukturlarına təsir göstərən bütün kanallardan istifadə edərək ratifikasiya prosesində müsbət dəyişikliklərə nail olmuşlar. İclasda həmçinin məşğulluğun təşviqi və işsizlikdən qorunma haqqında 168 saylı konvensiyanın region ölkələrinin heç birində ratifikasiya olunmadığı narahatlıq hissi ilə qeyd edildi. 2018-ci ilin iyun ayında Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasına təqdim olunmuş BƏT-in Konvensiya və Tövsiyələrin Tətbiqi üzrə Ekspert Komitəsinin son hesabatında region ölkələrində konvensiyaların çox sayda pozuntularının olduğu deyildi. İcraiyyə Komitəsi müstəqil dövlətlərin həmkarlar ittifaqları birliklərini öz ölkələrində BƏT-in ən vacib konvensiyalarının ratifikasiyasına və onların milli əmək qanunvericiliyində vaxtında və tam şəkildə  tətbiqinə (implementasiya) nail olmağa çağırdı.

İcraiyyə Komitəsi 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü, Beynəlxalq Əmək Təşkilatının 100 illiyi və 1 May- Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı ÜHİK-in müraciətlərini təsdiq etdi.

ÜHİK və “Müstəqil dövlətlərin  veteranlarının (təqaüdçülərinin) ictimai təşkilatları birliyi” Beynəlxalq İttifaqının Əlaqələndirmə Şurası Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar 9 may bayramının qeyd olunması barədə həmkarlar ittifaqları və veteran təşkilatlarına müraciət etmək qərarına gəldi.

ÜHİK-in Baş katibinin müavini Valeri Yuryevin “Yaşlı nəsil: Region dövlətlərində vəziyyətin icmalı” mövzusunda çıxışı dinlənildi.

İcraiyyə Komitəsinin qərarı ilə “Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə” Belarus və Rusiya İttifaq dövlətinin dövlət katibi Qriqori Alekseyeviç Rapota, “Soyuzmetall” Həmkarlar Mərkəzi” Həmkarlar İttifaqları Beynəlxalq Birliyinin prezidenti Nuralin Asılbek Jumaşulı ÜHİK-in fəxri qızıl nişanı ilə mükafatlandırdılar.

Aprelin 12-də ÜHİK-in Şurasının iclası oldu. 2018-ci ilin dekabrında ÜHİK-ə qoşulan Özbəkistan Həmkarlar İttifaqları Federasiyası tərəfindən namizədliyi irəli sürülən nümayəndələr də daxil olmaqla, yenidən Şura üzvlərinin səlahiyyətləri təsdiq edildi.

Şurada həmçinin Qazaxıstan Əmək Konfederasiyası Həmkarlar İttifaqları Birliyinin ÜHİK-ə üzv olmaq barədə ərizəsinə baxıldı və müsbət rəy verildi.

ÜHİK-in Baş katibi Vladimir Şerbakovun İcraiyyə Komitəsinin 2018-2019-cu illərindəki fəaliyyətinə dair məlumatı dinlənildi.

“Zamanın qlobal çağırışları şəraitində regionun müstəqil dövlətlərinin sosial-iqtisadi vəziyyəti” nəzərdən keçirildi. Bu mövzuda məruzəni ÜHİK-in Baş katibinin müavini Natalya Podşibyakina təqdim etdi.

Sonra üzv təşkilatların rəhbərlərinə söz verildi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev “Zamanın qlobal çağırışları şəraitində müstəqil dövlətlərin sosial-iqtisadi vəziyyəti” mövzusunda çıxış etdi.

Səttar müəllmin çıxışının tam mətnini təqdim edirik.

Hörmətli Mixail Viktoroviç!

Hörmətli həmkarlar!

Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, balanslaşdırılmış sosial-iqtisadi siyasət iqtisadiyyatın inkişafına, makroiqtisadi stabilliyin və maliyyə dayanıqlığının qorunmasına, Azərbaycan xalqının maraqlarını əks etdirən sosial inkişafa yönəldilmişdir.

Neft gəlirlərinin düzgün bölüşdürülməsi, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, neft faktorundan asılılığın azaldılması və son 15 ildə qəbul edilmiş, zamanın çağırışlarına cavab verən digər qərarlar ölkənin postneft inkişaf dövrünə sürətli keçidinə imkan yaratmış, şok effektinə yol vermədən həyata keçirilmiş səlis iqtisadi islahatlar ardıcıl iqtisadi inkişafa, stabil əmək bazarına və əhalinin sosial müdafiəsi sahəsində vaxtında həyata keçirilən islahatlara yol açır.

2018-ci ildə dərin iqtisadi islahatların aparılması davam etdirilmiş, yeni sənaye istehsalatları yaradılmış və inkişaf etdirilmiş, xüsusən də qeyri-neft sahələrində iqtisadi sferanın şəffaflığı təmin edilmişdir.

Azərbaycan Respublikası Statistika Komitəsinin məlumatlarına əsasən, 2018-ci ildə ümumdaxili məhsul istehsalı 2017-ci ilə nisbətən 1,4% artmışdır. Adambaşına düşən ÜDM 4780,1 ABŞ dolları təşkil etmişdir. Qeyri-neft sektorunda 2017-ci ilə nisbətən 1,8%, neft sektorunda isə 0,6% çox məhsul istehsal edilmişdir.

İl ərzində inflyasiya 2,3% təşkil etmişdir. Azəbaycan iqtisadiyyatı son 15 ildə dünya miqyasında rekord templərlə, yəni 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artmışdır.

Azərbaycan iqtisadiyyatına 250 mld. dollar sərmayə yatırılmışdır.

Həyata keçirilmiş köklü islahatlar nəticəsində sərmayə mühitinin yaxşılaşdırılması sahəsində ümumdünya bankının son məruzəsində Azərbaycan əvvəlki ildə tutduğu 39-cu pillədən 2018-ci ildə 25-ci pilləyə yüksəlmişdir.

2018-ci il Azərbaycan üçün bir sıra iri iqtisadi layihələrin, o cümlədən “Cənub Qaz Dəhlizi” transmilli layihəsinin başa çatdırılması, “Şahdəniz-2”, “TANAP” layihələrinin uğurla həyata keçirilməsi, “Azərispeys-2” peykinin orbitə çıxarılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Sumqayıt şəhərində polipropilen zavodunun istifadəyə verilməsi ilə əlamətdar olmuşdur.

İqtisadiyyatda islahatların həyata keçirilməsi ilə yanaşı, əmək bazarında və sosial sferada bir sıra islahatların aparılması da davam etdirilmişdir. 2018-ci ildə həmçinin sosial tərəfdaşların məşğulluq, əmək bazarının və insan resurslarının inkişaf etdirilməsi sahəsində məqsədyönlü və qarşılıqlı əlaqələndirilmiş şəkildə əməkdaşlıq uğurla davam etdirilmişdir. 2019-2030-cu illər üçün məşğulluq strategiyası qəbul edilmiş və onun həyata keçirilməsi üçün tədbirlər planı işlənib hazırlanmışdır.

Məşğulluq problemlərinin həlli sahəsində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını xüsusilə qeyd etməliyik.

Ötən ildə respublikada artıq üç belə proqramın həyata keçirilməsinə yekun vurulmuşdur. Bu proqramların tərkib hissəsi yeni iş yerlərinin yaradılması idi. 2018-ci ildə 238,9 yeni iş yerləri açılmışdır ki, onlardan 127,4 mini daimi xarakter daşıyır.

Biznesə dəstək dövlət siyasəti, biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş güzəşt tədbirləri uzunmüddətli perspektivdə məşğulluğun təmin edilmə imkanlarını genişləndirmişdir. Bu gün respublikamızda işsizlik səviyyəsi 5% təşkil edir.

Həmkarlar ittifaqlarının fəal iştirakı ilə milli qanunvericiliyin əhalinin məşğuliyyətinə aid bir sıra müddəaları yenilənmiş, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilmiş, “Məşğulluq haqqında” yenilənmiş qanun qəbul edilmişdir. Qeyri-formal iqtisadiyyatın azaldılması və qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində iş davam etdirilmişdir. Əməkçilərin rifah halının yüksəldilməsinə və onların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi ümumiləşdirilmiş göstəricilərin artmasına da təsir etmişdir. 2018-ci ildə əhalinin gəlirləri 9,2% artmışdır.

Azərbaycan tərəfindən ratifikasiya edilmiş BƏT-in 131-ci Konvensiyasının yerinə yetirilməsi istiqamətində həmkarlar ittifaqlarının təkidlə apardığı iş Azərbaycan Respublikası hökuməti tərəfindən dəstəklənmiş, məsələ sosial və iqtisadi məsələlərə dair Üçtərəfli Komissiyanın iclasında müzakirə edilmiş, ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinə təkliflər göndərilmişdir.

2018-ci ildə Azərbaycanda əməkçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair geniş islahatlar paketinin həyata keçirilməsi davam etdirilmişdir.

İqtisadiyyatın müxtəlif sahələrində işləyənlərin maaşları, pensiyalar, istehsalat xəsarətinə görə müavinətlər, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə ödənişlər, ali və orta ixtisas məktəbləri tələbələrinin təqaüdləri artırılmışdır.

Ölkə Prezidentinin sərəncamı ilə 01 mart 2019-cu il tarixindən ölkə üzrə minimal əməkhaqqı artırılmış və həmkarlar ittifaqlarının təkidi nəticəsində istehlak minimumu səviyyəsinə çatdırılmışdır ki, bu da 600 min nəfəri əhatə edəcək və ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsinin 10% artmasına səbəb olacaqdır.

31 dekabr 2018-ci il tarixinə respublika üzrə orta aylıq əməkhaqqı 544 manat olmuşdursa, artıq 1 mart 2019-cu il tarixinə bu göstərici 577 manata (340 ABŞ dolları) çatdırılmışdır.

Bu vacib qərar Avropa Sosial Xartiyası, Beynəlxalq Əmək Təşkilatı tərəfindən və bir sıra dövlət proqramları ilə müəyyən edilmiş yaxın illər ərzində minimal əməkhaqqı barədə öhdəliklərin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addımdır. Ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması yolunda ölkə Prezidentinin bu ilin fevral ayında imzaladığı problemli kreditlər haqqında sərəncamı da vacib töhfə vermişdir. Problemli kreditlər məsələsinin həllində dövlət, ölkə vətəndaşlarına qayğısını bir daha nümayiş etdirmişdir. Belə ki, neftin qiymətinin dünya bazarında 3-4 dəfə ucuzlaşması nəticəsində ölkə əhalisinin xarici valyuta ilə götürdüyü kreditlərin ödənilməsi zamanı rastlaşdığı maliyyə itkisini öz üzərinə götürmüşdür. Artıq bu kreditləri ödəmiş vətəndaşlara manat ekvivalentində 5 min dollaradək kompensasiya ödənilməsi barədə qərar qəbul edilmişdir.

Bütün bu nailiyyətlərlə birgə əməkçilərin hüquqlarının müdafiəsi, onlara layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətləridir.

Son illər dövlət tərəfindən əmək müqaviləsi iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, onların qanuni maraqlarının müdafiəsi, əmək müqaviləsi ilə vəzifələrinin yerinə yetirilməsinin hüquqi təminatı sahəsində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

Bununla əlaqədar hesab edirəm ki, Respublika Prezidentinin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi barədə” fərmanı xüsusi qeyd olunmalıdır.

Fərmanda muzdlu işçilərin və əmək kollektivlərinin sosial, əmək, iqtisadi maraqlarını müdafiə edən ədalət məhkəmələrində islahatların zəruriliyi vurğulanmışdır.

Əmək mübahisələri ilə məhkəmələrə müraciət edən işçilərin imkanlarını genişləndirmək, prosedurları sadələşdirmək, inzibati xətalar barəsində işlərin baxılma müddətlərini konkretləşdirmək barədə göstərişlər verilmişdir.

2018-ci ildə milli iqtisadiyyatın strateji yol xəritəsinin və iqtisadiyyatın 11 əsas sektorunun inkişafı xəritəsinin həyata keçirilməsinə başlanmışdır.

Bu sənəddə məqsəd və prioritet istiqamət kimi əmək bazarında sosial dialoqun və inklüziv (hərtərəfli) inkişafın təmin edilməsinə xidmət edən institutlar vasitəsilə ölkə iqtisadiyyatını rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin etmək vəzifəsi müəyyən edilmişdir.

2018-ci ildə respublikada layiqli əmək, gənclər siyasəti, əmək sferasının gələcəyi və digər ölkə proqramlarının həyata keçirilməsi davam etdirilmişdir.

Ölkənin dayanıqlı inkişafını həmkarlar ittifaqları “2030-cu ilədək dayanıqlı inkişaf məqsədləri” Dövlət Proqramının əmək sferasının inkişafına, əməkçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, işsizliklə mübarizəyə, gender bərabərliyinə yönəlmiş müddəalarının həyata keçirilməsində öz fəal iştirakında görürlər.

Hörmətli həmkarlar!

Aşağıdakı məsələlərə diqqətinizi cəlb etmək istərdim.

- Nəzərə alsaq ki, əmək bazarındakı və əmək münasibətləri sferasındakı yeniliklər və çağırışlar bizim hamımızdan fərqli adekvat təşkilati struktur və iş forması axtarışı tələb edir. Bu gün biz bu problemləri birgə müzakirə etməli, iqtisadiyyatın yeni sektorlarında qeyri-tipik fəaliyyət növü ilə məşğul olan işçiləri həmkarlar ittifaqlarına cəlb etmək prinsiplərini və problemlərinin həlli yollarını birgə axtarmalıyıq. Bu kateqoriyadan olan işçilərlə motivasiya işinin elmi-praktik formalarının işlənib hazırlanması vaxtı çatmışdır.

Ümumhəmkarlar İttifaqları Konfederasiyası Elmi-tədqiqat və tədris mərkəzlərinin, üzv təşkilatların iştirakı ilə belə kateqoriyadan olan işçilərin həmkarlar ittifaqı strukturunda birləşdirməyin düzgün qanunvericiliyə uyğun yolunu tapa bilər.

Qeyri-tipik iş forması ilə məşğul olan işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi işini təkmilləşdirməkdə biz maraqlıyıq və bu, gələcəkdə bizim sıralarımızın genişlənməsinə və möhkəmlənməsinə xidmət edər.

Hörmətli dostlar!

Ölkədə həyata keçirilən balanslaşdırılmış sosial-iqtisadi siyasəti dəstəkləməklə Azərbaycan həmkarlar ittifaqları işçilərin iqtisadi və sosial hüquqlarının müdafiəsi, onlar üçün layiqli həyat səviyyəsinin təmin edilməsi uğrunda fəaliyyətini davam etdirmək əzmindədir.

Bu işdə hamımıza uğurlar arzulayaq.

Tədbirlərdə AHİK sədrinin I müavini İlyas Əliyev, müavini Aqil Dadaşov və AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov da iştirak ediblər.