“Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr”


Baxıldı : 104

Tarix : 2018-06-30 04:13:30


Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Belə tədbirlərdən biri iyunun 22-də nazirliyin Gəncə Regional Mərkəzində baş tutmuşdur. “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda təşkil olunan elmi-praktik konfransda ittifaqın sədri Mehman İsmayılov çıxış edərək demişdir ki, müasir qüdrətli ordumuzun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Uzaqgörən siyasi lider hələ sovet dövründə azərbaycanlı hərbi kadrların hazırlanmasına böyük diqqət yetirirdi. Məhz onun səyi nəticəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı.

Respublikamız müstəqillik qazanandan sonra bu məktəb ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

Ümummilli lider 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi zaman, milli ordunun olmadığı bir vaxtda, Naxçıvanı Ermənistan silahlı qüvvələrinin təcavüzündən müdafiə etmək üçün Naxçıvan Milli Müdafiə Komitəsini yaratmış və beləliklə, erməni işğalının qarşısı alınmışdı. 1993-cü ildə ulu öndərin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra ordu quruculuğu sahəsində irimiqyaslı islahatlara start verilmiş, Azərbaycan Respublikasının nizami, hərtərəfli təchiz olunmuş, peşəkar kadrlardan ibarət silahlı qüvvələri formalaşdırılmışdır. Ulu öndərin müdrik siyasətinin alternativsiz davamçısı, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin islahatları daha da genişləndirmiş və nəticədə Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı güclərindən birinə çevrilmişdir.

Konfransda Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqovun, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Asif Məmmədlinin, şobə rəisi, polkovnik-leytenant Qabil Əliyevin və sektor müdiri Elnur İmanovun da çıxışları dinlənildi.

Tədbir konsert proqramı ilə davam etdi.

***

İyunun 22-də ittifaqın təşkilatçılığı ilə daha bir tədbir nazirliyin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində keçirilib. 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbirdə ittifaqın sədri M.İsmayılov ordumuzun son uğurları barədə danışmışdır. Demişdir, bu uğurlar göstərdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz istənilən vaxt torpaqlarımızı düşmən işğalından azad etməyə qadirdir.

Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgərlərə bayram sovqatı və xatirə hədiyyələri təqdim olundu.