Ümumxalq mübarizəsi qarşısında ən qüdrətli silahlar belə gücsüzdür


Baxıldı : 166

Tarix : 2018-01-26 20:01:51


 

Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının ilk təşkilatlarında 20 Yanvar Ümumxalq Hüzn Günü geniş miqyasda qeyd olunmuşdur. Üzv təşkilatlardan olan Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar şəhidləri” adlı kataloqun təqdimatı keçirilmişdir. Muzeydə və digər ilk təşkilatlarda təşkil olunan anım mərasimlərində həmin faciəli gecədə xalqımızın başına gətirilən müsibətlər ürəkağrısı ilə xatırlanmışdır. Deyilmişdir ki, sovet imperiyasının dağılmasında 20 Yanvar hadisələri mühüm rol oynamışdır. Bu hadisələr göstərdi ki, azadlıq mübarizəsi qarşısında ən qüdrətli silahlar belə gücsüzdür.

Biz müstəqilliyi qanımız bahasına qazandıq. Başımızdan uca tutduğumuz üçrəngli bayrağımızın şərəfini canımızı fəda etmək hesabına qoruduq. Ona görə də, uzun illər ötməsinə baxmayaraq, azadlığımızı, dövlətçiliyimizi göz bəbəyi kimi qoruyub saxlayırıq. Yaxşı bilirik ki, dövlətimiz ətrafında sıx, yumruq kimi birləşməklə gələcəyə doğru irəliləmək mümkündür.

Deyildi ki, Azərbaycan xalqı tarixinə həssas yanaşır. Tarixinin nə faciəli, nə də qəhrəmanlıq məqamlarını unutmur.

Ümummilli liderimiz Heydər Əliyev şəhidlərimizin adını əbədiləşdirmək üçün böyük işlər gördü.

Ümummilli liderin ənənələrinə sadiq qalan, onu ləyaqətlə davam etdirən Respublika Prezidenti cənab İlham Əliyev hər il Şəhidlər Xiyabanını ziyarət etməyi özünün müqəddəs borclarından bilir, şəhid ailələrinin qayğısına qalır.

Azad həmkarlar ittifaqının və ilk təşkilatların əməkdaşları, üzvləri kollektiv şəkildə Şəhidlər Xiyabanında oldular şəhidlərimizə ehtiramlarını dualarla, tər qərənfillərlə bildirdilər.