Universal sosial müdafiə mümkündür


Baxıldı : 168

Tarix : 2017-12-22 22:32:11


 

Beynəlxalq Əmək Təşkilatı (BƏT) aşağı və ortagəlirli  ölkələrdə sosial müdafiə zəminini dəstəkləmək üçün başlatdığı proqramla əlaqədar  qlobal çağırış edib. Bildirilib ki, Sosial Müdafiə Zəmininin Yaradılması üzrə "Flagship" proqramı 400 milyondan çox insanın həyatını dəyişə bilər. Proqram BƏT "King Baudouin" Sosial Müdafiə Fondu tərəfindən dəstəklənir. Fonda ediləcək yardımların 91,5 faizi müvafiq ölkələrdə davamlı sosial müdafiə sisteminin  qurulmasına ayrılacaq.

Proqram 2016-cı ildən bu yana 21 ölkədə müsbət nəticələr əldə edə bilib. Çalışmaların davam etməsi üçün 30 milyon ABŞ dollarına ehtiyac var. Təkcə Kambocada proqram əsasında 1,1 milyon ailəyə kömək edilməsi planlanır.

BƏT-in Sosial Müdafiə Departamentinin direktoru İzabel Ortiz  proqramla bağlı deyib ki, bu gün dünya əhalisinin 55 faizi sosial müdafiədən istifadə edə bilmir: "BƏT-in "Flagship" proqramı 2030-cu ilə qədər  sosial müdafiədən kənarda qalan milyonlarla insanı əhatə etməyi planlaşdırır. İnsanların  sosial müdafiə ehtiyacının qarşılanması onların həyatını dəyişə bilər, bunu misal çəkərək də göstərmək olar: Mozambikdə yaşayan Regina sosial müavinətdən yararlanmadan öncə qohumlarının hesabına ehtiyaclarını qarşılayırdı.  Daha sonra ona təqaüdün ayrılması tibbi və sosial xərclərini müstəqil qarşılamağa, hətta nəvələrinə də pay ayırmağa imkan verir. Regina nümunəsi göstərir ki, universal sosial müdafiə mümkündür. Bu gün proqrama qoşularaq milyonlarla insanın həyatını dəyişə bilərsiniz".