Uşağımın 7 yaşı var


Baxıldı : 24

Tarix : 2019-11-08 05:16:12


Uşağımın 7 yaşı var. Atası 5 ildir ki, vəfat edib. Nikahımız olmadığı üçün ailə başçısını itirməyə görə müavinət ala bilmirdim. İndi məhkəmə qaydasında atalıq müəyyən edilib. Mən uşağın atası ölən gündən müavinəti ala bilərəmmi?

 

İradə ƏLİYEVA, Sumqayıt şəhəri.

-“Sosial müavinətlər haqqında” qanunun 9-cu maddəsində müavinətlərin təyin edilməsi müddəti göstərilmişdir. Qanuna əsasən, aylıq müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. Bu müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq qeyd edilən qanunun qüvvəyə mindiyi gündən (2006-cı il yanvarın 1-dən) sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:

- dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət - ömürlük;

- əlilliyə görə müavinət-əlillik müddətinə;

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə;

- ailə başçısını itirməyə görə müavinət:

a) vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);

b) vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə;

c) vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə;

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət:

a) uşağın 16 yaşı tamam olan ayın sonunadək;

b) ümumtəhsil məktəblərində əyani təhsil alanlara - 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox olmamaqla).

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə;

- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - uşağın bir yaşı tamam olan ayın sonunadək;

- beşdən çox uşağı olan qadınlara müavinət - uşağın 18 yaşı tamam olan ayın sonunadək.

Birdəfəlik müavinətlərin ödənilməsində isə müddətlər fərqli müəyyən edilmişdir. Belə ki, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.

- Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

- Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi müddəti “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

 

Oğlum ədliyyə orqanlarında qulluq etmək istəyir. Lakin İqtisadiyyat Universitetini bitirmişdir. Bilmək istəyirəm, oğlum ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işə qəbul oluna bilərmi?

 

Məryəm VƏLİYEVA, Bakı şəhəri.

- Ədliyyə orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Ədliyyə orqanları işçilərinin qulluq keçməsi, ədliyyə orqanlarına qulluğa qəbul, işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi kimi məsələlər “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunla tənzimlənir.

Qanunun 4-cü maddəsinə əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən AR vətəndaşlarının ədliyyə orqanlarında qulluq etmək hüququ var.

Oğlunuz İqtisadiyyat Universitetini bitirsə də, adıçəkilən Qanuna uyğun olaraq ədliyyə orqanlarında qulluğa qəbul olunmaq üçün Ədliyyə Nazirliyinə müəyyən edilmiş formada ərizə ilə müraciət etdə bilər. Lakin qeyd edək ki, adıçəkilən Qanuna əsasən, xüsusi rütbələr fərdi qaydada, təhsili, qulluq müddəti, əmək stajı və qanunda nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir.

Qanunun 22.2. maddəsinə əsasən, ali, böyük və orta xüsusi rütbələr bir qayda olaraq ali hüquq təhsili olan işçilərə verilir. Digər ali təhsili olan ədliyyə işçilərinə həmin xüsusi rütbələr tutduqları vəzifəyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının tədris-elm müəssisəsində hüquqi biliklərə yiyələndikdən sonra verilir. Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş ilk xüsusi rütbələr Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kurslar, eləcə də tam orta və ya orta ixtisas təhsil müəssisələrini bitirmiş sıravi və kiçik rəis heyəti vəzifələrinə təyin edilən şəxslərə verilir.

İlk dəfə ədliyyə orqanlarına daimi qulluğa qəbul edilənlərə ilk orta və böyük xüsusi rütbələri verilir.

Xüsusi rütbənin verilməsi haqqında əmr imzalanır.

Xüsusi rütbədə qulluq müddəti həmin əmrin imzalandığı gündən hesablanır.

Xüsusi rütbədən asılı olaraq ədliyyə orqanları işçilərinin vəzifə maaşlarına əlavə haqq ödənilir. Bu əlavə haqq AR Prezidenti tərəfindən müəyyən edilmiş miqdarda ödənilir.