Uşağın inkişafına və sağlamlığına nə təsir göstərir?


Baxıldı : 107

Tarix : 2018-04-07 01:29:37


 

 

Evdə baş verən hadisələr həqiqətən uşağın inkişafına və onun psixi sağlamlığına uzunmüddətli təsir göstərir. Böyük Britaniyada və digər ölkələrdə uşaqların ailədə və yaşa dolduğu dövrdə davranışının uzunmüddətli müşahidələrinə əsaslanan araşdırmalar nəticəsində məlum olub ki, uşaq hələ altı aylığında ikən evdə yaranmış münaqişəli vəziyyətin təsiri altında onun ürəyi sürətlə döyünməyə başlayır, kortizol adlanan stress hormonu əmələ gəlir.

Müxtəlif yaşlı uşaqlarda baş beyinin inkişafında pozuntu əlamətləri, yuxu pozğunluğu, narahatlıq, depressiya, onların davranışında digər ciddi problemlər yarana bilər. Bütün bunlar dərin və ya xroniki ailə münaqişəsi şəraitində uşağın çəkdiyi iztirablardan irəli gəlir.

Valideynlər arasında vaxtaşırı yaranan, lakin nisbətən kəskin olmayan münaqişə şəraitində yaşayan uşaqlarda da buna oxşar problemlər müşahidə olunur. Valideynləri mübahisəli məsələlər barəsində öz aralarında razılığa gələ bilən və belə məsələləri dinc yolla həll edən ailələrin uşaqlarında isə bu cür hallar az-az olur və ya, ümumiyyətlə, olmur.

Ailədə dava-dalaş uşaqlara müxtəlif şəkildə təsir göstərir. Məsələn, əvvəllər belə hesab edilirdi ki, valideynlərin boşanması və ya bir-birindən ayrı yaşamağı qərara alması uşaqların əksəriyyətinə çox mənfi təsir göstərir. İndi isə psixoloqlar hesab edirlər ki, bəzi hallarda boşanmadan əvvəl, boşanma dövründə və bundan sonrakı vaxtda valideynlər arasında yaranan dava-dalaşlar uşaqlara onların valideynlərinin bilavasitə ayrılmasından daha ciddi ziyan vurur.

Bundan əlavə, uşağın ailədaxili münaqişəyə reaksiyasında irsiyyət amili mühüm rol oynayır. Bu da həqiqətdir. Uşağın psixi sağlamlığında təbii amil mühüm rol oynayır. Narahatlıq, depressiya və psixoz kimi cavab reaksiyalarının yaranmasında irsiyyət mühüm rol oynayır. Lakin ailədə şərait və tərbiyə də böyük əhəmiyyət kəsb edir. Uşaq psixoloqlarının çoxunun fikrincə, ailədə, vəziyyətdən asılı olaraq, psixi xəstəliklərə anadangəlmə meyillilik getdikcə dərinləşə və ya əksinə, yüngülləşə bilər. Burada da valideynlərin birlikdə, yoxsa ayrı yaşamalarından, həmçinin uşaqlarla qan qohumluğu telləri ilə bağlılığından asılı olmayaraq onların münasibətlərinin keyfiyyəti mühüm rol oynayır.

Neqativ təsir körpənin yuxusunun və əqli inkişafının pozulması, kiçikyaşlı məktəblilərdə narahatlıq və davranış problemləri, depressiya, təhsillə bağlı çətinliklər və digər ciddi pozuntular, məsələn, böyükyaşlı məktəblilərin və yeniyetmələrin özlərinə xəsarət yetirməsi şəklində təzahür edə bilər.

Uşağın uzunmüddətli normal inkişafını

təmin etmək üçün yaxın qohumlardan, bacı və qardaşlardan, dostlardan və digər yaşlı insanlardan, məsələn, müəllimlərdən dəstək almaq çox vacibdir. Ailədə baş verən hadisələr bu münasibətlərin yaxşılaşmasına və ya əksinə pisləşməsinə ciddi təsir göstərə bilər.

Azər MUSTAFAYEV