Uşaq əməyinə qarşı fikir mübadiləsi aparılıb


Baxıldı : 70

Tarix : 2017-07-22 00:06:04


İyulun 19-20-də Qırğızıstanın paytaxtı Bişkekdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçi Fəaliyyəti Bürosunun (İFB) təşkilatçılığı ilə uşaq əməyi və məcburi əməklə mübarizədə Avropa həmkarlar təşkilatlarının roluna dair konfrans keçirilib. Konfransın açılış mərasimində çıxış edən İFB-nin direktoru Maria Helena Andre regionda uşaq əməyinin qarşısının alınması yönündə aparılan işlərdən və həmkarlar təşkilatlarının bu yöndə fəaliyyətindən danışıb. O, BMT-nin 2025-ci ilə qədər bütün formalarda uşaq əməyinin və 2030-cu ilə qədər məcburi əməyin aradan qaldırılmasını nəzərdə tutan "Davamlı İnkişaf Məqsədləri" proqramının dəstəklənməsi üçün  həmkarlar təşkilatlarının səylərini yüksəltməyə çağırıb.

Konfransda çıxış edən Qırğızıstanın Əmək və Sosial İnkişaf naziri  Taalaikul İsakunova BƏT-in iş sistemində fundamental hüquq və prinsiplərinin sosial tərəfdaşlar tərəfindən dəstəkləndiyini, uşaq əməyinə qarşı hökumətin götürdüyü öhdəliyə sadiq qaldığını bildirib.

Müzakirələrdə İFB-nin təşkilatçılığı ilə yerli həmkarlar ittifaqlarının uşaq əməyinin və məcburi əməyin qarşısının alınması üçün strategiyalar hazırlayaraq fəaliyyətlərini möhkəmləndirməsi yönündə fikir mübadiləsi aparılıb.

İki gün davam edən görüşdə 15 ölkədən BƏT-in mütəxəssisləri iştirak edib. Eyni mövzuda növbəti konfrans 14-16 noyabrda Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək.

Qeyd edək ki, keçirilən regional konfranslar BƏT-in Uşaq Əməyinin Davamlı Aradan Qaldırılması ilə bağlı IV Qlobal Konfransına hazırlıq məqsədi daşıyır.

Cavid SƏFƏROV