Uşaq qidalarının keyfiyyət və təhlükəsizliyinə nəzarət gücləndirilir


Baxıldı : 77

Tarix : 2019-08-30 16:54:36


Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən illərdir ana südü ilə bəslənən uşaqların bütün həyatı boyu xəstəliklərə qarşı daha davamlı olduğu  bildirilir.

BMT-nin Uşaq Fondu (UNİCEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ölkəmizdə avqust ayının 1-dən 7-dək “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilir. Ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üçün görülən tədbirlərin  nəticəsidir ki, son illərdə ana südü ilə qidalandırma göstəriciləri əvvəlki illərlə müqayisədə xeyli yüksəlib. Lakin bəzi hallarda analar müəyyən səbəblərdən dolayı körpələri üçün  uşaq qidalarından istifadə etmək məcburiyyətində qalırlar. Satışda isə müxtəlif növ və qiymətə uşaq qidaları mövcuddur.  Bu qidalar barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir, onların körpə uşağın orqanizmi üçün təhlükəli hesab olunduğu söylənilirdi. Bir sözlə, uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi zəruri və gözlənilən idi.

Beləliklə, süni qida məhsullarının  keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti həyata keçirəcək orqan müəyyənləşdi. Bu, Prezident İlham Əliyevin bir neçə gün əvvəl “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında imzaladığı fərmanda  öz əksini tapıb.

Bu nəzarət Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən “Yeyinti məhsulları haqqında” qanunla müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Bəs necə? Yoxlama prosesi necə aparılacaq?Tərkibi, keyfiyyəti hansı standartlara cavab verən məhsulların satışına icazə veriləcək?

Qida Təhlükəsizliyi Agentliyindən belə cavablandırdılar: “Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qida zəncirinin bütün mərhələlərinə dövlət nəzarətini həyata keçiririk. Həmçinin digər qida məhsulları kimi uşaq qidaları da Agentlik tərəfindən risk əsaslı nəzarətə cəlb edilir. Nəzarət tədbirləri çərçivəsində belə məhsulların istehsalı ilə məşğul olan müəssisələr qida təhlükəsizliyi qeydiyyatına alınıb, idxal olunan məhsullara ekspertizadan keçirildikdən sonra qida təhlükəsizliyi sertifikatı veriləcək”. O da bildirildi ki, artıq ölkəyə idxal edilən uşaq qidaları gömrük ərazisinə daxil olunduqdan sonra Agentliyin müfəttişləri tərəfindən məhsulların hər partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur.

QTA-dan o da bildirildi ki, əgər vətəndaşların satış müəssisələrində satılan süni uşaq qidaları ilə bağlı şübhələri olarsa,  bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.

ƏSLİ ƏHMƏDOVA