Uşaqlar nəzarətsiz buraxılmamalıdır


Baxıldı : 163

Tarix : 2017-03-16 00:10:24


Son günlər mətbuatda uşaqların internetdə təhlükəsizliyi mövzusu gündəmdədir. Buna səbəb sosial şəbəkələrdə MDB ölkələrində yaranan, yeniyetmələr arasında populyarlıq qazanan "Göy balina", "Sakit ev", "Balinalar dənizi", "Məni 4:20-də oyat" kimi təhlükəli oyunların yayılmasıdır. Bu oyunlar yeniyetmələr və uşaqlar üçün ciddi təhlükə daşıyır və onların intihar etməsinə gətirib çıxarır. Rusiyada artıq 20 yeniyetmə öz həyatına son qoyub.

İlk vaxtlar hər şey ziyansız görünür, misal üçün, əldə qrupun rəmzini çəkmək əmr olunur. Daha sonra tapşırıq getdikcə daha təhlükəli xarakter alır, məsələn, əli ülgüc tiyəsi ilə zolaq-zolaq kəsmək. Bu oyundan çıxmaq isə mümkün deyil. Əgər iştrakçı qrupu tərk etməyə cəhd edərsə, o zaman İP ünvanla onun tapılacağı, özünün və bütün yaxınlarının da öldürüləcəyi ilə hədələnir.

Uşaqların bu cür oyunları oynama səbəbi çox sadədir. Yeniyetmələr hər zaman digərlərinə hünərlərini nümayiş etdirməyi xoşlayırlar. Psixoloqların sözlərinə əsasən, belə oyunların təşkilatçıları özünəqapalı şəxslərdir. Onlar özlərini real həyatda alçaldılmış kimi hiss edirlər və internetdə özlərini təsdiqləməyə çalışırlar.

Sosial şəbəkə administratorları mütəmadi olaraq oxşar qrupları bloka salırlar, lakin onlar yenidən ortaya çıxırlar. Belə ölüm qruplarından birinin təşkilatçısı olan 21 yaşlı Filipp Budeykin Moskva ətrafında Solneçnoqorsk şəhərində həbs edilib. Bu həbs də digərlərini oxşar əməllərdən əl çəkməyə vadar edə bilməyib.

Onu da bildirək ki, bu internet oyunu artıq Azərbaycana da gəlib çıxıb. Buna görə də Bakı məktəblərində valideynlərə məsləhət görülür ki, övladlarına ciddi nəzarət etsinlər.

Psixoloq Azad İsazadə bildirdi ki, bununla mübarizə iki istiqamətdə aparılmalıdır: "Birincisi, ailədə valideynlər övladlarının kompüterdən necə və hansı məqsədlərlə istifadə etdiyinə nəzarət etməlidir. Ümumiyyətlə hansı oyunları oynayır, məhəllədə, məktəbdə kimlərlə ünsiyyət qurur, dostluq edir. Əgər uşaq evdə sakitcə kompüterin arxasında oturub hər hansı işlə məşğuldursa və valideyn bununla maraqlanmırsa, bu, bəzi hallarda pis nəticələrə gətirib çıxara bilər. Burada yalnız oyunlara fokuslanmaq düzgün olmazdı. Çünki uşağı internet vasitəsilə müxtəlif dini sektalara, terrorçu qruplaşmalara da cəlb edə bilərlər. Bu oyunu yaradan adamın psixoloji, patoloji problemləri var ki, sonda sui-qəsdə səbəb olan oyun yaradıb.

Xatırladım ki, 1970-80-ci illərdə dini sektalar fəaliyyət göstərirdi. Oranın üzvlərinin çoxu intihar edirdi. Belə insanların indi əlinə kompüter, internet kimi güclü alət keçib. Ötən əsrdə təhlükəli dini sektalar 2-3 min adam arasında ideyalarını yaya bilirdisə, indi milyonlarla insan təhlükəli oyunların təsiri altına düşə bilər”.

Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə bildirdi ki, qanunvericiliyə zidd məlumatların, oyunların yayılması cinayət məsuliyyəti yaradır.

"Virtual aləmdə kim nə istəsə edə bilər anlayışı yoxdur. İnsanları intihara sövq edən təhlükəli oyunlarla bağlı müvafiq qurumlar cəza tədbirləri görməlidir. Hüquq-mühafizə orqanları araşdırmalar aparmalıdır", - deyə O.Gündüz bildirdi.

 

Günel QULİYEVA