Uşaqlara da rəhm etmədilər


Baxıldı : 152

Tarix : 2017-04-08 05:01:10


31 Mart -  Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilmişdir.

Tədbiri məktəbin direktor müavini Aybəniz Məmmədova açmış, məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Həsən Bayramov "31 mart -  soyqırım və xalqımızın milli müstəqillik mübarizəsi" mövzusunda məruzə etmişdir. O demişdir ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırımı törədildi.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişlər.

Ümummilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, 31 Mart ölkəmizdə dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Tədbir soyqırımından bəhs edən filmin nümayişi ilə başa çatdı. Həmin gün məktəbin foyesində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda sərgi təşkil olunmuşdu.

 

Aybəniz MƏMMƏDOVA,

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor  müavini