Uşaqlarda göz patologiyalarının yaranmasının səbəbi 


Baxıldı : 65

Tarix : 2017-10-14 04:09:53


"Azərbaycanda uşaqlarda göz xəstəliklərinin yaranmasının əsas səbəblərindən biri anaların tənbəllik sindromudur".

 Bunu  akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-Təşkilat Şöbəsinin müdiri Yazgül Abdiyeva deyib.

Mütəxəssis bildirib ki, analar özlərinin rahatlığı üçün azyaşlılara kompüter, planşet verirlər, bu isə uşaqlarda göz patologiyalarının yaranmasına səbəb olur.

Y.Abdiyeva qeyd edib ki, 2 yaşına kimi uşaqların kompüter və planşetlərdən istifadəsi yolverilməzdir. Onun sözlərinə görə, 2 yaşdan yuxarı uşaqlar isə gün ərzində yarım saatdan artıq bu vasitələrdən istifadə etməməlidir: "Bu həm mərkəzi sinir sisteminə mənfi təsir göstərir, həm də görmə patologiyasının inkişafına, erkən yaş dövründə xəstəliklərin yaranmasına səbəb olur. Bəzi revmatik xəstəliklər var ki, uzun müddət kortikosteroid qəbul etdikdə qlaukoma inkişaf edə bilər. Bundan əlavə, şəkərli diabet və digər xəstəliklər insanın görmə qabiliyyətinin zəifləməsinə, hətta itirilməsinə gətirib çıxarır. Ona görə də hər kəs ildə bir dəfə, norma olaraq 6 aydan bir müayinədən keçməlidir".