“Uşaqların həyatı üçün təhlükə yaradır"


Baxıldı : 102

Tarix : 2017-06-02 21:50:47


Beynəlxalq Əmək Təşkilatı (BƏT) uşaq əməyi ilə mübarizə çərçivəsində Filippində qızıl mədənlərində uşaqların çalışdırılması faktını ictimaiyyətə çatdırıb. Bildirilib ki, Filippin iqlim dəyişikliyi ilə əlaqədar təbii fəlakətlərə daha çox məruz qalan dövlətdir: "Sel və daşqınların çox olması insanları kənd təsərrüfatından qızıl mədəni sənayesinə keçməyə məcbur edir. Burada isə uşaq əməyinin istismarı genişlənib. Onlar dərin çuxurlarda və qaranlıq mağaralarda işləməli olurlar. Kiçik ölçülü mədənlərdə havada civənin miqdarının çox olması uşaqların sağlamlığında problemlər yaradır. 11-14 yaşlı uşaqlar bu işə əyləncə kimi başlasa da, gündəlik 8-12 saat çalışır və 45 kiloqramlıq xam maddəni arxa çantalarında mədəndən çıxarırlar. Bu ağır əməyin qarşılığı isə 2 ABŞ dollarından azdır. Mədən işinə cəlb olunması uşaqları təhsildən də uzaqlaşdırır. Daha böyük problem isə hazırda sənayedə istifadəsi qadağan olan kompressor mədənçiliyin tətbiq olunmasıdır. Onlar yeraltı çuxurlarda mədən qazarkən mühərrikli kompressorlara bağlı olan borularla nəfəs alırlar. Bu zaman kimyəvi toksiki maddələrdən zəhərlənmə halları daha çox qeydə alınır.  Ailələr müxtəlif proqramlar vasitəsilə fərqli peşələrə yönəlsə də, yenə də tək gəlir mənbəyi kimi qızıl mədənləri göstərilir. Ölkədə istehsalın 80 faizini əhatə edən qızıl mədənlərinin çoxu qeyri-rəsmi fəaliyyət göstərir. Burada 18 minə yaxın qadın, 350 min uşaq və yeniyetmə çalışır. Uzun saatlarla mədəndə işləmək  uşaqların sağlamlığı və təhlükəsizliyinə mənfi təsir edir. Təmiz hava çatışmazlığı, ağır yüklərin daşınması uşaqlarda qalıcı xəstəliklərin və əlilliyin ortaya çıxmasına  səbəb olur".

BƏT uşaq əməyinin aradan qaldırılması, mədənçilik sənayesində iş şəraitinin yaxşılaşdırılması yönündə "Carinq Qold " layihəsi üzərində çalışır.

Cavid SƏFƏROV