Uzun müddətdir bir zavodda ağır işdə çalışıram


Baxıldı : 84

Tarix : 2018-09-08 03:04:17


Uzun müddətdir bir zavodda ağır işdə çalışıram. Son zamanlar səhhətimdə problemlər yaranıb. Həkim rəy verib ki, yüngül işə keçməliyəm, amma işdə buna əməl etmirlər, məni başdan eləyirlər. Həkimin rəyi ilə məni yüngül işə keçirməlidirlərmi?

 

Cavid MƏMMƏDOV,

Sumqayıt şəhəri.

-Əmək Məcəlləsinin  231-ci maddəsinə əsasən, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə, tibbi rəyə uyğun olaraq, daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.

Məcəllənin 232-ci maddəsində işçinin sağlamlığının mühafizəsi məqsədilə başqa yüngül işə keçirildiyi və əməkhaqqının saxlandığı hallar müəyyənləşdirilib. Həmin maddədə qeyd edilir ki:

- İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əməkhaqqı saxlanılır.

- Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əməkhaqqı saxlanılır.

- İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralanan şəxslə eyni müəssisədə və eyni vəzifədə çalışırıq. Mənə 36 təqvim günü məzuniyyət hesablanır. İş yoldaşım isə məndən daha uzunmüddətli əmək məzuniyyətindən istifadə edir. Kadrlar şöbəsindən deyirlər ki, belə işçilərə məzuniyyət çox verilir, bu, doğrudurmu?

 

Maral QULİYEVA,

Bakı şəhəri.

- Bəli, Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Sizə isə 30 təqvim günü əsas, 15 ildən çox əmək stajına görə isə 6 təqvim günü müddətində əlavə məzuniyyət olmaqla cəmi 36 təqvim günü məzuniyyət verilməsi ƏM-in 16-cı maddəsinin tələblərinə əsaslanır.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı nə vaxt qəbul edilmiş və bayram günlərinin sırasına bu haqda məlumat nə vaxt daxil edilmişdir? Bayrağımızda olan rənglərin mənasını bilmək istəyirəm.

 

Məsud MƏMMƏDLİ,

Şirvan şəhəri.

 

- Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası dövlətinin suverenliyinin rəmzidir. Üçrəngli Dövlət bayrağı haqqında 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qərar qəbul edilmiş və ilk dəfə həmin gün qaldırılmışdır. Sovet hakimiyyəti illərində isə bu üçrəngli bayraqdan imtina edilmişdir. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilmişdir. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi tanınması haqqında qərar qəbul etdi. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Əsasnamə də elə həmin tarixdə təsdiq edildi.

Lakin Dövlət bayrağı günü Dövlət bayrağının ilk qəbul olunduğu tarix, yəni noyabrın 9-u qeyd edilir. Bu günün bayram günü kimi qeyd edilməsi barədə Prezident 2009-cu ildə Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Həmin ilin dekabrında isə Əmək Məcəlləsinin 105-ci maddəsinə dəyişiklik edildi və Azərbaycan Respublikasının iş günü hesab edilməyən bayramları sırasına “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” əlavə edildi.

Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfiqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng- müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Müstəqil Azərbaycanın Dövlət bayrağındakı üç rəngin, XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əlibəy Hüseynzadədir.

 

Tibbi müayinəm çox vaxt iş saatına təsadüf etsə də, müdiriyyət bu zaman mənə işdən icazə vermir. Hamiləliyimlə əlaqədar isə tez-tez həkim müayinəsindən keçməli oluram. Həkim isə mənə bülleten açmır. Mən nə etməliyəm? Müdiriyyətin və həkimin hansının hərəkəti düzgündür?

 

Sevil VƏLİYEVA,

Şəki şəhəri.

 

- Tibb müəssisəsində qeydiyyatda d

ayanan hamilə qadınlara dispanser müşahidələri müəyyən edilir, yəni müntəzəm həkim müayinəsi və xüsusi müayinələr (rentgenoloji, laboratoriya və s. müayinələr) aparılır. Dispanser müayinələrinin müntəzəmliyi qadının sağlamlıq halından, onda aşkar edilən ağırlaşmaların xarakterindən, əməyin xüsusiyyətlərindən və digər mühüm amillərdən asılı olaraq tibbi müəssisə tərəfindən müəyyənləşdirilir. Müayinə vaxtı qadının iş vaxtına düşə bilər. Ona görə də hamilə qadının, yaxud onun işlədiyi təşkilatın xahişi ilə qadının məcburi qaydada dispanser müayinəsindən keçməsi barədə müvafiq tibb müəssisəsinin arayışı verilir. 

Qanunvericiliyin tələbinə görə, hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinəsindən keçməsi üçün işəgötürən zəruri şərait yaratmalıdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, analığı və uşaqlığı mühafizə edən dövlət onun təminatı qayğısına da qalır. Belə təminatlardan biri də odur ki, qanunvericilik hamilə və 3 yaşınadək uşağı olan qadınların tibb müəssisələrində dispanser və ambulator müayinələrindən keçdiyi, həkim məsləhətləri aldığı günlərdə əməkhaqqının saxlanılmasını mütləq şərt kimi işəgötürənin qarşısında qoyur (ƏM, maddə 245). Qanunvericiliyin bu tələbinin pozulması işəgötürənin hüquqi məsuliyyətini doğurur.

BƏT-in “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 nömrəli Konvensiyasında əks etdirilən prinsiplər Əmək Məcəlləsinin 16-cı maddəsində əks olunub. Bu maddə əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi adlanır. Maddənin 2-ci hissəsində isə ayrı-seçkilik hesab edilməyən amillər sadalanır ki, qadınlara, xüsusilə də hamilə və azyaşlı uşaqları olan qadınlara verilən güzəştlər, imtiyazlar və əlavə təminatlar da buraya daxildir. Odur ki, müdiriyyətin hərəkəti qanunauyğun deyil.