Uzunmüddətli ipoteka təklif edərək


Baxıldı : 187

Tarix : 2017-01-18 22:34:33


Ötən ilin birinci yarısında paytaxtda və yaxın ərazilərdə mənzillərin qiymətində müəyyən dəyişiklik müşahidə olundu. Təkrar mənzil bazarında qiymətlər təxminən 22 faizə qədər azaldı. Lakin bu ucuzlaşma yeni tikilən mənzillərin qiymətlərində  izlənilmədi.  İlin ikinci yarısından yerli valyutanın dollara nisbətən dəyərini itirməsi mənzil bazarına da təsir etdi. Alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə tikinti şirkətləri qiymətləri azaltmağa məcbur oldu. Bu qiymət azalmasını bəzi ekspertlər həm də ipotekanın dayandırılması ilə əlaqələndirirlər.

 Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə deyir ki, ipotekanın mənzil bazarının dövriyyəsində həcmi o qədər də çox deyil:" Alıcılıq qabiliyyətinin zəifləməsinə əsas səbəb hazırkı iqtisadi vəziyyətdir. İpoteka verilməsinə yenidən başlanılsa belə,  bu, sektorda güclü dəyişiklik yaratmayacaq. Çətin vəziyyətdə satışı davam etdirmək, əsasən tikinti şirkətlərinin bu yöndə atacağı addımlarlardan da asılı ola bilər. Belə ki,  Azərbaycanda tikinti sahəsində əvəlki illərə nisbətən daha böyük maliyyəsi olan iri şirkətlər fəaliyyət göstərir. Onlar müştərilərə daha güzəştli şərtlərlə uzunmüddətli ipoteka təklif edərək satış imkanlarını genişləndirə bilərlər. Bir çox şirkət ilkin ödəniş kimi ümumi məbləğin 40 faizə qədərini tələb edir, az bir zamanda 100 faizlik ödəniş istəyir. Hazırkı vəziyyətdə belə addımlar alqı-satqıya mənfi təsir edən amillərdir".

Ekspert mənzil bazarında qiymətlərin azaldığı bir dövrdə xarici valyuta ilə alınan tikinti materiallarının bahalaşmasına və şirkətlərin bu yöndəki mövqeyinə münasibət bildirib. Son araşdırmalar da göstərir ki, hətta bir sıra tikinti materialları ölkədə istehsal olunsa da, onlara tələbat azdır. Qiymət artımına baxmayaraq,  xaricdən gətirilən, daha da keyfiyyətli materiallara tələbat çoxdur və bunları əsasən böyük tikinti  şirkətləri alır: "Yəni materialın qiymətindən asılı olmayaraq, hər hansı şirkətin keyfiyyətsiz məhsuldan istifadə edəcəyinə inam azdır. Buna görə də onlar mənzillərin qiymətinin qaldırılmasına məcbur olacaqlar".

R. Osmanlı onu da əlavə edib ki, bu il daşınmaz əmlak bazarında qiymətlərin necə olacağı haqqında danışmaq hələ tezdir: "Mənzil bazarı daha çox makroiqtisadi amillərə bağlıdır. Burada tendensiyanın dəyişməsi üçün ölkə üzrə makroiqtisadi göstəricilərin müsbətə doğru dəyişməsi lazımdır. Ən azından ölkədə gəlirlər kəskin şəkildə artmalı, eyni zamanda manat sabitləşməlidir. Manatın məzənnəsi sabitləşmədiyi dövrdə bazarda əməliyyatların sayı azalan xətt üzrə davam edəcək".

Cavid SƏFƏROV