Uzunömürlü olmağın yaratdığı problemlər


Baxıldı : 36

Tarix : 2019-06-07 14:09:42


Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Əməyin və sağlamlığın mühafizəsi və humanitar problemləri üzrə departamenti MDB dövlətlərini təmsil edən üzv təşkilatlardan daxil olmuş analitik məlumatlar əsasında “Yaşlı nəsil: region dövlətlərində vəziyyətin icmalı” mövzusunda geniş arayış hazırlamışdır. Ölkəmizin həmkarlar ittifaqı əməkdaşları, müvafiq dövlət, qeyri-hökumət qurumları üçün də maraqlı olacağını nəzərə alaraq həmin arayışı dərc edirik.

Region dövlətləri əhalisinin ümumi sayında yaşlı insanların xüsusi çəkisinin artması müasir cəmiyyətin vacib problemlərindən biri olaraq qalmaqdadır.

Bu gün 60 yaşdan yuxarı ən çox əhali Avropada yaşayır ki, bu kateqoriyadan olan insanlar ümumi əhali sayının 25 %-ni təşkil edir.

Qocalma prosesi dünyanın digər regionlarında da sürətlənməkdədir. BMT-nin proqnozlarına görə, yaşlı insanların qlobal miqyasda sayının 2030-cu ildə 1,4 mld. nəfər, 2050-ci ildə 2,1 mld. nəfər, 2100-cü ildə isə 3,1 mld. nəfər olacağı gözlənilir.

2017-ci ildə dünya üzrə 60 yaşdan yuxarı insanların sayı 13 % təşkil edirdisə, 2025-ci ildə bu rəqəmin 14,9, 2050-ci ildə isə 21,5 % olacağı ehtimal edilir.

İnkişaf etmiş ölkələrin əksəriyyətində əhalinin yaşlaşması ilk növbədə doğumun azalması nəticəsində baş verir, ölüm hallarının azalması və ömür illərinin artması ilə bu proses sürətlənir.

Qlobal problem ondan ibarətdir ki, “qocalan” dövlətlər öz yaşlı vətəndaşlarına pensiya ödəmək, onlara sosial və tibbi yardım etmək iqtidarında olmaya bilərlər. Ən pessimist ssenarilərdə 2050-ci ilədək pensiyaçıların saxlanılmasında yaranacaq çətinliklərin qlobal maliyyə böhranına gətirib çıxaracağı ehtimal edilir.

 Eyni zamanda müxtəlif ölkələrin pensiya yaşının və pensiya fonduna ödəmələrin artırılması ilə müşayiət olunan pensiya islahatlarının həyata keçirilməsi bir çox hallarda sosial narazılıqlara səbəb olur.

20-ci əsrin 80-ci illərindən başlayaraq əhalinin qocalması problemi BMT-nin  beynəlxalq təşkilatları və agentlikləri tərəfindən müzakirə predmetinə çevrilmişdir. Bu prosesə sosial, iqtisadi və mədəni hadisə kimi baxılır və o, çox vaxt iqtisadi inkişafa, çiçəklənməyə, sosial rifaha, nəsillər arasında normal əlaqəyə, innovasiyalara və texnoloji inkişafa təhlükə kimi qiymətləndirilir.

Ömür müddətinin uzanması və ölümün əhəmiyyətli dərəcədə azalması, şübhəsiz ki, müsbət prosesdir. Eyni zamanda bu hal cəmiyyətə və dövlətə müəyyən çağırışlar və pensiya sisteminin maliyyə cəhətdən yüklənməsi ilə səciyyələnir.

Qeyd olunmuşdur ki, əhalinin qocalmasının ümumi tendensiyası və əmək resurslarının azalması ildən-ilə iqtisadiyyatda yaşlı nəslin əməyindən istifadəyə ehtiyacı artıracaqdır.

1982-ci ildə qocalıq problemlərinə dair Birinci Ümumdünya Assambleyası Vena Beynəlxalq Fəaliyyət Planını qəbul etmişdir. Bu sənəd yaşlı insanların səhhətinin qorunmasına, qidalanmasına, mənzil və sosial təminatına dair konkret tədbirlərdən, habelə toplanmış və analiz edilmiş tədqiqat materiallarından ibarət idi.

1991-ci ildə eyni məzmunlu məsələ BMT-nin Baş Assambleyasında baxılmış, 1992-ci ildə isə  Beynəlxalq Konfrans tərəfindən Fəaliyyət Planı qəbul edilmişdir. İlk dəfə olaraq BMT-nin Baş Assambleyası 1999-cu ili Beynəlxalq “Ahıllar Günü” elan etmişdir.

2012-ci ildə Məşğulluq üzrə Avropa Komissiyası tərəfindən 4 istiqamət üzrə qruplaşdırılmış 22 ayrıca göstəricidən ibarət aktiv yaşlılıq indeksi müəyyən edilmişdir. Həmin indeks yaşlı insanların potensialından istifadə dərəcəsinin göstəricisi kimi qəbul olunmuşdur.

Alınan məlumatlara görə, yaşlı nəsil üçün ən əlverişli şərait İsveçdə (indeks 44,0) olmuşdur. MDB ölkələrində belə qiymətləndirmə Rusiya Federasiyasında (indeks 31,1) və Moldovada (indeks 27,1) aparılmışdır.

BMT-nin kriteriyalarına görə, ölkələr 3 qismə bölünür: “Yaşlı əhalisi olan ölkələr”də yaşı 65-dən çox olan insanlar ümumi əhalinin 7 %-dən çoxunu təşkil edir. Belə ölkələrə Ermənistanı, Belarusu, Moldovanı, Rusiyanı və Ukraynanı misal göstərmək olar.

Yaşı 65-dən çox olan insanların sayı 4-7 % təşkil edən ölkələr “yaşlılıq astanasında olan ölkələr” sayılır (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan).

“Əhalisi gənc olan ölkələr kateqoriyasına isə yaşı 65-dən çox olan insanların 4 %-dən az olduğu ölkələrdir. Belə ölkələr kateqoriyasına MDB ölkələrindən yalnız Tacikistan uyğun gəlmişdir.

MDB Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin əvvəlinə Birliyin Dövlət Sosial Müdafiə fondlarının uçotunda 67 milyon insan var ki, bu da ümumi əhali sayının 24 faizini təşkil edir.

Arayışın ayrı-ayrı MDB ölkələrindəki vəziyyət barədə bölməsinə nəzər salarkən Azərbaycandakı vəziyyətin, qonşu Ermənistanla müqayisədə, daha ürəkaçan olması nəzərə çarpır.

Belə ki, Azərbaycanda 451 min nəfər yaşlı əhali yaşayır ki, bu da ümumi əhali sayının 4,6 %-ni təşkil edir. 244 nəfər dövlət təminatındadır, 12 min nəfər ahıl əhaliyə isə evində xidmət göstərilir.

Yaşlı insanların 87,1 %-i əmək pensiyası ilə təmin olunub. Azərbaycan Respublikasında yaşlı əhalinin mənafelərinə xidmət edən çox sayda qanun və normativ sənədlər qəbul edilmişdir.