Üzvlərin sosial-iqtisadi hüquqlarının qorunması, onlara sosial imtiyazların verilməsi


Baxıldı : 229

Tarix : 2018-02-03 23:14:27


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında qəbul olunmuş “AHİK-in fəaliyyətinin əsas istiqamətləri” sahə həmkarlar ittifaqları təşkilatlarının qarşısında konkret vəzifələr qoymuşdur. Hesabat dövrü ərzində bu vəzifələr layiqincə həyata keçirilmişdir.

Aviasiya işçilərinin əməyinin ödənişi, sosial-iqtisadi problemlərinin həlli, əməyinin mühafizəsi, kadrlarla aparılan işlər, işçilərin sağlamlığının qorunması, onların və ailə üzvlərinin istirahətinin təşkili və sair məsələlər Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış sahə kollektiv sazişlə tənzimlənmişdir.

Sahə Hİ Respublika Komitəsinin nəzdində 5 nəfərdən ibarət əməyin mühafizəsi komissiyası fəaliyyət göstərir. Sahə həmkarlar ittifaqı təşkilatlarında yaradılmış 18 komissiyanın üzvlərinin sayı 101 nəfərdir. Bunlardan əlavə, 146 nəfər ictimai müvəkkil, 24 nəfər ştatdankənar texniki əmək müfəttişi müəssisələrdə əməyin təhlükəsizliyinə ictimai nəzarəti həyata keçirir.

Sahə kollektiv sazişinə əsasən, zərərli və təhlükəli iş yerlərində çalışan işçilərə müəssisələrin hesabına xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, süd və süd məhsulları, yuyucu və dezinfeksiyaedici maddələr verilir.

Əmək qanunvericiliyinin tətbiqi diqqətdə saxlanılmışdır. Əmək müqavilələrinin bağlanması, ona xitam verilməsi halları bilavasitə həmkarlar ittifaqı komitələri ilə məsləhətləşmələr əsasında baş vermişdir.

2012-2017-ci illər ərzində Respublika Komitəsi Rəyasət Heyətinin iclaslarında əməyin mühafizəsinə dair 18 məsələ müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.

Hüquq müfəttişi tərəfindən qurultaylararası illərdə təxminən 30 yoxlama aparılmış və aşkara çıxarılmış nöqsanlar Rəyasət Heyətinin iclaslarında müzakirə olunmuşdur.

Respublika Komitəsinin fəaliyyətinin əsas və mühüm istiqamətlərindən biri də üzvlərin sosial-iqtisadi hüquqlarının qorunması, işçilərə sosial imtiyazların verilməsidir.

Mülki Aviasiya sistemində 15 il və daha artıq çalışan kollektiv üzvləri yubiley (50, 60, 70, 80) yaşına çatdıqda fasiləsiz və qüsursuz əmək fəaliyyətinə görə vəzifə maaşı məbləğində mükafatlandırılırlar. Yaşa  görə təqaüdə çıxanlara isə axırıncı vəzifə maaşı həcmində birdəfəlik müavinət verilir. İşçi vəfat etdikdə onun ailəsi 1000 manat, ailə üzvləri vəfat edən işçilər isə 300 manat yardım alırlar.

“Azərbaycan Hava Yolları” QSC-nin hər bir işçisi uçuş reyslərinə ildə bir dəfə, ailə üzvləri də daxil olmaqla, pulsuz bilet almaq hüququna malikdir.

IV qurultayın müəyyənləşdirdiyi əsas istiqamətlərdən biri də istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır. Məlum olduğu kimi, bir neçə il əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi “İlin peşəkar gənci” fəxri adını təsis etmişdi. 2015-ci ilin yekunlarına görə, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin mühəndisi Səfa Məmmədov, Uçuşların İstehsalı İdarəsinin “Boeinq 767” hava gəmisinin kapitanı Samir Ağayev, 2017-ci ildə isə H.Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyinə Baxışın Təşkili Xidmətinin mütəxəssisi Zamiq Quliyev və Əlibəy Əliyev “İlin peşəkar gənci” fəxri adına layiq görüldülər.

Mən yazımın sonunda AHİK-in növbəti V qurultayının nümayəndələrinə uğurlar arzulayıram.