Vətəndaşların fəallığı daha da artacaq


Baxıldı : 207

Tarix : 2016-09-02 04:00:00


Məlum olduğu kimi, iyulun 26-da ölkə başçısı \ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında\ Sərəncam imzalayıb. Sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılacaq Referendum Aktının layihəsində Konstitusiyamızın 29 maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulmuşdur. Biz bu yazıda onlardan ikisi barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Hüquq Şöbəsinin müdiri Leyla Acalovanın şərhini dərc edirik.Referendum Aktının 3.2. maddəsi ilə Konstitusiyanın 25-ci maddəsinə VI hissə təklif olunub. Bu hissədə yazılır ki, \ Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar\ . Hamımıza yaxşı bəllidir ki, sağlamlıq imkanları məhdud olanlara dövlət qayğısı hər sahədə hiss olunur və onların cəmiyyətə inteqrasiyası istiqamətində kifayət qədər sanballı tədbirlər görülür, müxtəlif layihələr, dövlət proqramları qəbul və icra edilir. Dövlət tərəfindən sağlamlıq imkanları məhdud olanların təhsili, məşğulluğu təmin olunur. Amma nəzərdə tutulmuş bu dəyişikliklə sağlamlıq imkanları məhdud olanlar artıq konstitusion hüquq və vəzifələr əldə etmiş olurlar və onlar üçün mədəni, ictimai-siyasi həyatda iştirak imkanları yaranır.Referendum Aktı ilə dəyişiklik edilməsi nəzərdə tutulan maddələrdən biri də \ Tətil hüququ\ adlanır. Mövcud maddədə hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququnun olması, hansı şəxslərin bu hüquqdan istifadə edə bilməməsi, fərdi və kollektiv mübahisələrin həlli qaydası müəyyənləşdirilsə də, işəgötürən tərəfindən istisna hallarda lokaut elan etmək hüququ Konstitusiyada təsbit edilməmişdi. Maddəyə təklif olunan \ Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır\ sözləri həm maddəni tamamlayar, həm də işəgötürənlərin yerli-yersiz lokautdan istifadə etməsinin qarşısını alar.Birinci növbədə bilmək lazımdır ki, lokaut nə deməkdir və ondan nə zaman istifadə etmək olar?Əmək Məcəlləsinə görə, lokaut - kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədilə onun və ya mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır. Lokaut işəgötürənin tətilə qarşı cavab tədbiridir.İşəgötürən yalnız istisna hallarda lokaut elan edə bilər. Lakin lokaut elan etməzdən azı 10 gün əvvəl işçilərini, həmkarlar ittifaqı təşkilatını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini müəssisəni müvəqqəti bağlayacağı barədə yazılı xəbərdar etməlidir. Lokaut elan edilməsi üçün istisna hallar bunlardır:1. işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun istehsal, iqtisadi, maliyyə və digər imkanlarına açıq-aşkar uyğun olmadıqda;2. qanunsuz elan olunmuş tətil davam etdirildikdə;3. onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslər tərəfindən tətilin keçirilməsinə işçilərin sövq edildiyi barədə təkzibolunmaz sübutlar, faktlar olduqda. Əmək Məcəlləsində lokautun elan edilməsi qaydası müəyyənləşdirilib. Belə ki, işəgötürən lokaut elan etməzdən əvvəl işçilərlə, həmkarlar ittifaqları təşkilatı ilə danışıqlar aparmalı, tətilin dayandırılıb işə başlanılması barədə razılığa nail olmaq üçün bütün imkanlarından istifadə etməlidir.Lokautun elan edilməsi üçün əsas hesab edilən hallar aradan qaldırılmadıqda işçilərə edilmiş xəbərdarlıq müddəti bitdikdən sonra işəgötürən lokaut elan edərək müəssisəni müvəqqəti bağlaya bilər.Qeyd edilən hallardan başqa qalan hallarda, habelə dövlət mülkiyyətində olan və ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan müəssisələrin işəgötürəni tərəfindən lokautun elan edilməsi qadağandır.Lokautun elan edilməsi əmək müqavilələrinin xitam edilməsinə səbəb olmasa da, əmək münasibətlərini dayandırır.Onu da nəzərə almaq lazımdır ki, lokautun qanunsuz hesab edilməsi barədə işçilər məhkəməyə müraciət edə bilərlər.Məhkəmə işəgötürən tərəfindən elan olunmuş lokautu əsassız və qanunsuz hesab edərsə, işçilərə dəyən maddi və mənəvi ziyanın ödənilməsi, habelə işəgötürənin qanunvericiliklə müəyyən edilmiş qaydada digər müvafiq məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edir.