Vahid tarif kimə sərfəlidir?!


Baxıldı : 105

Tarix : 2017-05-05 22:45:41


Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə müraciət edib. BNA-nın baş direktoru Vüsal Kərimli bildirib ki, vahid tarifin tətbiq olunması ideyası sahibkarlar tərəfindən müsbət qarşılanıb.

Hazırda ölkəmizdə 30-dan çox taksi şirkəti fəaliyyət göstərir. Demək olar ki, hamısı qiymətlərini tələb-təklif əsasında formalaşdırır və bazarda seqmentləşir.

Bəs, görəsən, taksilər üçün vahid tarifə ehtiyac varmı? Mövzu ilə bağlı ekspertlərin fikrini öyrəndik.

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, BNA bu addımı ilə stabillik yaratmaq cəhdi nümayış etdirməyə çalışır: "Ola bilər ki, məqsəd taksi qiymətləri arasındakı fərqi tarazlaşdırmaq, sektora nəzarəti daha da  artırmaq və üzərində təzyiqi gücləndirməkdir. Amma söhbət  bazar şərtləri daxilində qiymətlərin formalaşmasından və liberal bazardan gedirsə, vahid tarif sisteminin tətbiq edilməsi düzgün deyil. Gələcəkdə bu sferaya biznes subyektlərin marağını azalda bilər, çünki vahid tariflərin hansı şərtlər daxilində və kimə sərf edəcək şəkildə təsnif olunması məsələsi var".

R. Həsənov qeyd etdi ki,  qiymətlər vətəndaşın xeyrinə müəyyənləşəcəkcə, nəticədə bu, sektorda xidmətin və keyfiyyətin aşağı düşməsinə, sahibkarlıq təşəbbüslərinin azalmasına və beləliklə, taksi xidmətlərinin əlçatanlığının zəifləməsinə, investisiya axınlarının ləngiməsinə gətirib çıxaracaq. Əgər tariflər taksi şirkətlərinin xeyrinə müəyyənləşərsə, bu, bazar şərtlərinin pozulması və vətəndaşların liberal bazar şərtlərindən istifadə imkanlarının məhdudlaşması ilə nəticələnəcək.

 "Buna görə də daha məqsədəuyğun olar ki, müəyyən məhdudiyyətlər tətbiq olunsun və şirkətlər aralarında rəqabət olduğu kimi qalsın, çünki bazar iqtisadiyyatının əsas şərtlərindən biri məhz rəqabətdir",- deyə Rəşad Həsənov bildirdi.

BNA-nın addımını müsbət dəyərləndirməyən biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafov bildirdi ki, taksilərdə "vahid tarif" tətbiq edilməsi iqtisadiyyat prinsiplərinə ziddir. Ümumiyyətlə, tələb və təklif əsasında formalaşan rəqabətli taksi bazarında hansısa cədvələ görə qiymət diktə etmək istehlakçıların cibinə mənfi təsir edəcək.

Günel QULİYEVA