Valideyn nəzarəti olmalıdır


Baxıldı : 475

Tarix : 2016-11-23 16:09:41


Son dövrlər informasiya texnologiyalarının sürətlə inkişaf etməsi ölkəmizdə də bu yeniliklərə olan marağı daha da artırıb. Artıq həyatımızı onlarsız təsəvvür edə bilmirik. Yeni texnologiyaya maraq hətta məktəbyaşlı uşaqlarda da hədsiz dərəcədədir. Uşaqların saatlarla televizor, telefon və ya kompüterə bağlı qalmaları onların sosial mühitlə əlaqələrini zəiflədir, bu kimi cihazlardan asılı vəziyyətə salır. Bu asılılıq yetkinlik yaşındakı uşaqlarda özünə qapılma, məktəb yoldaşları və ətrafına qarşı aqressiv davranışlara və digər xoşagəlməz hallara gətirib çıxarır. Buna görə də istər kompüterdən, istərsə də televizordan istifadə müəyyən çərçivədə olmalıdır. Bəs, görəsən, mütəxəssislər bu haqda nə fikirləşirlər? Bununla bağlı MediStyle Psixonevroloji Mərkəzin psixoloqu Günel Aslanova bildirdi ki, azyaşlı uşaqlar internetdən istifadə edən zaman valideyn nəzarəti olmalıdır: \ Çox zaman uşaqlar internetdə olarkən lazımsız informasiyalara meyillənirlər, müəyyən yaş limitinin nəzərdə tutulmadığı saytlara daxil olurlar və ya aşırı istifadə edirlər. Bu da müəyyən mənada uşaqlarda asılılığın yaranmasına gətirib çıxarır. Əgər bir aspektdən asılılıq yaranarsa, bu, ayrılıqda xəstəlikdir. Həmçinin uşaqların kompüterin və televiziyanın qarşısında çox vaxt keçirmələri onları dərsdən yayındırmaqla yanaşı, dərs hazırlamalarını arxa plana keçirir. Uşaqlar bilməlidirlər ki, internetə girdikləri zaman özlərinə lazım olan materialları əldə etməlidirlər, vaxt keçirmək üçün, əyləncə xatirinə daxil olmamalıdırlar. Həssas uşaqlarda döyüş və ölüm səhnələri ilə bol olan emosional kompüter oyunlarından və televiziyada nümayiş etdirilən filmlərdən sonra əsəbilik, aqressivlik, qəddarlıq və zorakılıq hissləri üstünlük təşkil edir. Həmin hisslərlə yanaşı, onlarda qorxu hissi yaranır\ .Psixoloq bildirdi ki, valideynlər uşaqlarının internet və televiziyadan düzgün istifadə etməsinə nəzarət etməlidirlər: \ Bunun üçün uşağın internetdən istifadə etmə müddəti müəyyən olunmalıdır. İnternetdən dərsləri, dünyəvi və həyatı bilikləri əldə etməklə bağlı istifadə etməlidirlər. Bir çox hallarda uşaqların, xüsusilə internetdən düzgün istifadə etməməsində valideynləri günahlandırmaq olar. Belə ki, kiçik yaşlarından uşaqlarını mobil telefonla və kompüterlə təmin edən valideynlər sonralar onların internetdən nəzarətsiz istifadəsinə şərait yaradırlar. Əksinə isə, valideynlər övladları ilə ünsiyyətə daha çox vaxt sərf etməlidirlər. Uşaqların maraq dairəsinə daxil olan məsələləri onlarla birlikdə müzakirə etməli və onlarla fikir mübadiləsi aparmalıdırlar. Ünsiyyət zamanı uşaqların gün ərzində nə ilə məşğul olduqları ilə maraqlanmalı və özlərinin gördüyü işlər barədə də məlumat verməlidirlər\ .G.Aslanova onu da qeyd etdi ki, uşaqların internetdən istifadəsi onların lazımi informasiya almaları üçün önəmlidir. Ancaq məzmun nəzərə almaq şərtilə. İnternetin və televiziyanın uşaq orqanizmi və psixologiyası üçün mənfi cəhətləri olduğu kimi, müsbət cəhətləri də var. Müsbət cəhəti ondan ibarətdir ki, uşaqlar internet vasitəsilə kifayət qədər sürətli məlumat əldə etmək imkanına malikdirlər. Belə ki, tədris zamanı şagirdlər verilən tapşırıqları internetdən aldıqları məlumatlar vasitəsilə daha səmərəli və keyfiyyətli yerinə yetirirlər. Bu, uşaqların dünyagörüşünün, savadının artmasına səbəb olur. İnternet və televiziya uşaqlara onları maraqlandıran suallara cavab tapmaqda köməklik edir, onların məntiqini, təfəkkürünü inkişaf etdirir, diqqətliliyi artırır. Bir sözlə, hər bir uşağın inkişafına xidmət göstərmiş olur\ .Sonda psixoloq valideynlərə uşaqların vaxtlarının düzgün bölməsini, onların qorxmayacağı, çəkinməyəcəyi şəkildə nəzarət sisteminin formalaşdırmalarını tövsiyə etdi.Aliyə SƏMƏDOVA