Valideynl


Baxıldı : 244

Tarix : 2016-06-24 03:47:00


Valideynlərim tərəfindən vəsiyyətnamədə yazılmışdır ki, mən öldükdən sonra mənim fərdi tikili evim və həyətyanı torpaq sahəm kiçik oğlum Nərmana qalsın. Bu işə qarışmağa heç kəsə ixtiyar vermirəm. Biz ailədə bir bacı, üç qardaşıq. Bacım və qardaşım fərdi evin mənə qalmasına razılıq veriblər. Qardaşımın biri vəfat etmişdir. Bunun iki qızı və bir oğlu var, ailəlidirlər. Mənim ata evimdə bunların hansının payı (varisi) vardır? Bunlardan hansı sənədləri mən istəməliyəm? Qardaşlarımın həyat yoldaşı sağdır. Familiyalarda dəyişikliklər olarsa, necə yazılmalıdır?Nərman ƏDİLOV,Şamaxı rayonu.- Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.Məktubunuzdan görünür ki, vərəsəlik Sizə vəsiyyət üzrə keçmişdir. Mülki Məcəllədə vəsiyyət üzrə vərəsələrin dairəsi 1134.2. maddədə belə göstərilmişdir: \ Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər\ .Qüvvədə olan qanunvericiliyə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin), vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir (Mülki Məcəllə, maddə 1193).Qanunvericilikdə məcburi payı tələb etmək hüquqi vərəsəlik üzrə keçir. Belə ki, mirasda məcburi pay almaq hüququ olan şəxs bu payı almadan ölərsə, onun bu payı almaq hüququ qanun üzrə onun vərəsələrinə keçir. Bu hüquq vərəsələrə növbəlilik əsasında keçir ki, bu növbəlilik Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmişdir.Adınıza vəsiyyətnamə tərtib edilsə də, Mülki Məcəllənin müvafiq maddələrinin tələblərinə əsasən, ata evinizdə Sizin bir bacınızın və iki qardaşınızın da məcburi pay haqqı var. Vəfat etmiş qardaşınıza çatası məcburi pay onun vərəsələri-arvadı və üç uşağı arasında bölüşdürülməlidir. Odur ki, o biri bacı-qardaşınız kimi, vəfat etmiş qardaşınızın arvadı və uşaqları da onlara çatası miras əmlakdan imtina edərlərsə, onda atanızın fərdi evi və həyətyanı sahəsi tamamilə Sizin mülkiyyətinizə keçə bilər.Bunun üçün notariat kontoruna gedərkən qardaşınızın ölüm haqqında şəhadətnaməsini, arvadı ilə onun rəsmi nikahda olmasını təsdiq edən sənədi, uşaqlarının doğum haqqında şəhadətnamələrini və hər kəsin şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi) özünüzlə götürməlisiniz. Soyadlarındakı dəyişiklik üçün hər kəsin nikah haqqında şəhadətnaməsi keçərlidir. Nəzərinizə çatdırırıq ki, qardaşınız vəfat etməmişdən əvvəl arvadı ilə boşanmış olsa, onda onun arvadı vərəsə sayılmır. Belə ki, Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən, nikahı ləğv edilmiş ər-arvad bir-birinə vərəsə ola bilməzlər.Əməkhaqqım 800 manatdır. Ailəm 4 nəfərdən ibarətdir. Sosial yardım almaq üçün müraciət etdim, dedilər ki, sizin ailə aztəminatlı hesab edilmir. Hansı ailələr aztəminatlı hesab edilir?Ruslan MƏMMƏDOV,Bakı şəhəri.- Ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ona görə də o, yalnız aztəminatlı ailələrə verilir.\ Ünvanlı dövlət sosial yardımı haqqında\ qanunda aztəminatlı ailənin anlayışı verilib. Qanuna görə, aztəminatlı ailə dedikdə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür.Həmin qanuna görə, ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Ölkə üzrə ehtiyac meyarı 105 manatdır.Ailənin gəlirləri dedikdə ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu başa düşülür.Qanunun 7-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Sizin əməkhaqqınız hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan çox olduğuna görə düzgün olaraq Sizin ailəyə ünvanlı dövlət sosial yardımı verilməsindən imtina ediblər.