Vaxt uşaqdan irəli tutulanda...


Baxıldı : 336

Tarix : 2016-11-23 16:09:34


Cəmiyyətin ən həssas təbəqələrindən biri uşaq və yeniyetmələrdir. Gələcəyimiz olan uşaqları qoruyub tərbiyə etmək və cəmiyyətə normal vətəndaş kimi vermək valideynlərin qarşısında duran ən vacib məsələlərdən biridir. Amma bəzən uşaqlarla düzgün qurulmayan tərbiyə, ailədaxili zorakılıq onları intihara və cinayətə sürükləyir. Nəticədə qayğısız dövrünü yaşamalı olan yüzlərlə uşaq həbsxana divarları arxasına düşür. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata görə, təkcə 2015-ci ilin birinci yarısında cinayət törətmiş 14-18 yaşadək olan uşaqların sayı 239 nəfər olub. Cinayət törədənlərdən 232 nəfəri oğlan, 7 nəfəri isə qızlardır. Məsələyə münasibət bildirən psixoloq Dəyanət Rzayev hesab edir ki, uşaqları cinayət törətməyə müxtəlif səbəblər sürükləyir: \ Amma son vaxtlar bu mənfi halın uşaq və yeniyetmələr arasında daha çox yayılması təəssüf doğurur. Bunun səbəbləri arasında televiziya kanallarında qorxulu cizgi filmləri, aqressiya nümayiş etdirən filmlər, cinayət verilişlərinin yayınlanmasının da rolu az deyil. Ailə daxilində valideynlərin zorakılığı uşaqların bu kimi vərdişlərə yiyələnmələrinə səbəb olur. Adətən zorakılıqla qarşılaşmış uşaq bir qədər böyüdükdə özü də zorakılıq törətməyə meyilli olur. Uşaqlar arasında bu halların qarşısının alınması psixoloq institutunun formalaşması məsələsini də aktuallaşdırır. Bu istiqamətdə xüsusilə məktəb psixoloqları ilə işlər daha da gücləndirilməlidir. Uşaqları mənfi vərdişlərdən onu acılamaqla, dalaşmaqla, təhqirlə uzaqlaşdırmaq lazım deyil. Onlara ancaq dostcasına yaxınlaşma ilə, yaxın, səmimi münasibət qurmaqla nail olmaq olar. Həmçinin ata-ana uşağının davranışına, nələri izləməsinə, uşağın ünsiyyətdə, əlaqədə olduğu çevrəsinə xüsusi diqqət etməlidir\ . Kriminalist-ekspert İlqar Altay da deyir ki, bu problemin əsəs səbəblərindən biri valideynlərin uşaqların tərbiyəsi ilə düzgün məşğul olmamalarıdır: \ Uşaqlara ailə tərəfindən daim nəzarət vacibdir. Ata da, ana da uşaqlarının küçədəki digər uşaqlarla münasibətlərindən, davranışlarından xəbərdar olmalıdırlar. Uşaq cinayət törədirsə, onun məsuliyyəti valideynin üzərinə düşür. Amma bu gün cəmiyyətdə müəyyən bir təbəqə ailənin gündəlik tələbatını ödəmək üçün səhərdən axşamadək işləmək zorundadır. Həmin insanların uşaqların tərbiyəsi ilə məşğul olmağa kifayət qədər vaxtları olmur. Bəzi ailələrdə isə uşaqlar ehtiyac səbəbindən işləmək məcburiyyətində qalır. Nəticədə həmin uşaqlar kriminal insanların əhatəsinə düşürlər. Bəzi uşaqlar isə normal təhsil ala bilmir, məktəbdən yayınaraq müxtəlif cinayət əməlləri törədirlər. Bu səbəbdən uşaq və yeniyetmələrin əsas tərbiyəçisi ailə, məktəb və cəmiyyət olmalıdır\ . Xalid AZƏR