Verilən qərar böyük etirazlara səbəb olub


Baxıldı : 140

Tarix : 2018-06-02 01:58:53


Yunanıstanda iqtisadi böhranla əlaqədar qənaət rejiminin hökumət tərəfindən iki il daha uzadılması barədə qərar böyük etirazlara səbəb olub. Ölkənin ən böyük həmkarlar ittifaqı  olan GSEE tərəfindən 24 saatlıq tətilə çağırış edilib. Paytaxt Afinada 5 min, 2-ci böyük şəhər olan Selanikdə 3 mindən çox etirazçı aksiyaya qoşulub. Bununla adalara gəmi səfərləri dayandırılıb, beynəlxalq uçuşlarda gecikmələr yaranıb, məktəblərdə birgünlük tətil elan edilib. Qeyd edək ki, qənaət rejimi avqust ayında sona yetməli idi. Hökumətin xarici borcları səbəb göstərilərək rejimin iki il daha uzadılması ilə bağlı apardığı çalışmalar ölkədə birmənalı qarşılanmayıb. GSEE hökumətin yeritdiyi siyasətlə borcların ödənilməsini çalışanlar və pensiyaçılara yüklədiyini düşünür.

Yunanıstan hökuməti Avropa ölkələri ilə hazırda maddi vəziyyətin yaxşılaşdırılması üçün vəd edilən borc və yardım paketinin şərtlərini müzakirə edir. Lakin İtaliyada baş verən siyasi kriz danışıqların uzanmasına səbəb olub.

Qeyd edək ki, Yunanıstan 2010- cu ildən qlobal iqtisadi böhranın təsirinə düşmüş və hələ də əvvəlki maliyə vəzuyyətini tam bərpa edə bilməmişdir. Bu müddət ərzində qənaət rejimi ilə bərabər Beynəlxalq Valyuta Fondu və Bir sıra qurumlar tərəfindən ölkəyə borc və yardımlar verilib.

Cavid SƏFƏROV