Vətən mənə oğul desə nə dərdim


Baxıldı : 30

Tarix : 2020-10-17 14:22:27


 

Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Mətin Azərbaycan Ordusu düşmənin layiqli cavabını verərək onu susdurub. Amma məkrli niyyətindən əl çəkməyən mənfur qonşumuz sentyabrın 27-də yenidən cəbhəboyu zonada yerləşən rayonlarımızı, mülki əhalini, yaşayış məntəqələrini hədəf alıb. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçib, bir zəfər tarixi yazaraq işğal altında olan ərazilərimizi azad edib. Zəfər yürüşümüz davam edir, əminik ki, tezliklə bütün torpaqlarımızda Şanlı Azərbaycan Bayrağı dalğalanacaqdır.   
Ön cəbhədə qızğın döyüşlər getdiyi bir zamanda arxa cəbhədə Vətən torpaqlarının erməni təcavüzündən müdafiəsi, vətənimizin bütövlüyünün qorunması, torpaqlarımızın düşmən tapdağından azad olunması istiqamətində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük ehtiyac var. Bu yöndə həmkarlar ittifaqı təşkilatları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına hər zaman xüsusi önəm verilir. Şəhidlərimizin qəhrəmanlığının gənclərə aşılanması, şəhid ailələrinə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində müəyyən işlər görülür. Belə ki, “Vətən mənə oğul desə nə dərdim” başlığı altında keçirilən tədbirdə 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə həlak olmuş şəhid Məlik Qazıyevin, 2016-cı ildə Aprel döyüşlərində həlak olmuş şəhidlərimiz Rəvan Nurayevin, Əlixan Bayramovun ailələri ilə görüşlər təşkil olunmuş, onlara maddi və mənəvi köməklik göstərilmişdir. Qarabağ döyüşçüsü II qrup əlil Şabanov Nadir Ramazan oğluna ərzaq və digər məhsullarla dəstək göstərilmişdir. 
Bundan başqa, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Zaqatala Rayon Komitəsi tərəfindən Rayon Mədəniyyət Mərkəzində, Yuxarıtala kənd sənətkarlıq evində, Maqov, Yengiyan, Kəpənəkçi, Qımır, Yuxarıtala kənd mədəniyyət evlərində, Uzuntala kənd klubunda və kitabxanalarda videokonfranslar təşkil olunmuşdur. Bu kimi tədbirlərdə şəhidlərimizin həyat yolu, qəhrəmanlığı və şücaəti barədə məlumat verilmişdir. 
Həmçinin Rayon Komitəsi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna müəyyən məbləğdə vəsait köçürülmüş, əsgərlərimizə sovqat göndərilmişdi. 
Zaqatala rayon qəzetində vətənpərvərlik ruhunda yazılar dərc olunmuşdur.  
Əlbəttə, MİHİ Zaqatala Rayon Komitəsi olaraq, bu istiqamətdə işimizi davam etdirməyi özümüzə borc bilirik.

Sona QAZİYEVA, 
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zaqatala Rayon Komitəsinin sədri