Vətən müdafiəçiləri ilə bir arada


Baxıldı : 79

Tarix : 2018-06-09 02:07:11


Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) bir qrup əməkdaşı müqəddəs Ramazan ayında ön xətt birləşmələrindən birinin əlahiddə hospitalında müalicə alan hərbçiləri ziyarət etdilər. Qonaqlar əvvəlcə Birlik komandanlığı ilə görüşdülər. General-mayor Mayis Bərxudarov dedi ki, qoşunlarımız Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub.

Hazırda bizim güclü silahlarımız, raketlərimiz, texnikalarımız var. Bölmələrimizin hər biri Ali Baş Komandanın istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə hazır və qadirdir. Lakin bizim ən güclü silahımız əsgərimizin ürəyidir, beynidir, döyüş ruhudur. İctimai qurumların, o cümlədən həmkarlar ittifaqı təşkilatlarının əsgər və zabitlərimizə göstərdiyi isti münasibət mənəvi baxımdan gücümüzə güc qatır. Buna görə kollektivinizə təşəkkürümüzü bildiririk.

BHİK-in sədri Abiyat Ağadadaşova hörmətli generala bildirdi ki, təşkilatımızın fəaliyyətinin mühüm istiqamətlərindən biri ordumuza mənəvi dayaq durmaq, ön xətdə keşik çəkən qəhrəman oğullarımıza qayğı göstərməkdir. Biz uzun illərdir ki, dövlət, dini və milli bayramlarımızı düşmənlə üz-üzə duran əsgər və zabitlərimizlə birlikdə keçiririk. Bugünkü səfərimiz də bu ənənənin davamıdır.

Əlahiddə hospitalın rəisi, tibb polkovnik-leytenantı Elçin Abdullayevin müşayiəti ilə nümayəndə heyəti əvvəlcə hospitalın xidməti otaqlarını gəzərək şəraitlə yaxından tanış və məmnun oldular. Qəbul, müayinə, əməliyyat və digər tibbi otaqlar müasir tibbi avadanlıqlarla təchiz edilmişdi. Yeməkxana, istirahət və digər məişət otaqlarının da təminatı yüksək idi. Müalicə alan əsgərlərlə söhbət zamanı eşitdikləri də burada təkcə avadanlıqların deyil, kadrların da peşəkarlıq səviyyəsinin müasir tələblərə cavab verdiyini təsdiq edirdi. Hospitalla tanışlıq başa çatdıqdan sonra BHİK əməkdaşları hospitalın kollektivi və burada müalicə alan əsgərlər üçün süfrə açdılar. Süfrəyə cürbəcür meyvələr düzüldü, hospitala su sərinlədici aparat və digər hədiyyələr təqdim olundu.

Leytenant

Mahmud MÖHBALIYEV,

“Azərbaycan Ordusu”