“Vətəndaşlara xidmət etməyən iqtisadiyyat uğursuzluğa məhkumdur” Bu sözlər Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin 7-ci qurultayında səsləndirilib


Baxıldı : 212

Tarix : 2019-09-20 19:10:18


Sentyabrın 18-19-da Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin 7-ci qurultayı keçirilib. Qurultayda Birliyin prezidenti Gezim Kalaja siyasi hesabatla çıxış edib.

Qurultayda həmçinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi Şaron Barrounun məruzəsi dinlənilib.

Baş katib Albaniyada işçilər və onların ailə üzvləri üçün əlverişli iş şəraiti yaradılmadığından, minimum əməkhaqqının, orta aylıq əməkhaqqının Avropa ölkələri ilə müqayisədə aşağı səviyyədə olmasından narahatlıq keçirdiyini diqqətə çatdırdı. Dedi ki, Albaniyada ümumi daxili məhsulun göstəricisi Avropa Birliyi ölkələrindən yeddi dəfə aşağıdır. Minimum əməkhaqqı bir ailənin əsas yaşayış xərclərinin yalnız yarısını ödəyə bilir. Bu ölkədə minimum əməkhaqqı 26.000 lek (204 avro), orta aylıq əməkhaqqı isə 306 avro həddindədir.

Albaniya minimum əməkhaqqının təyin edilməsi haqqında BƏT-in 131 saylı Konvensiyasına qoşulmuşdur. Minimal əməkhaqqının təyin edilməsi BƏT-in Albaniya üçün nəzərdə tutulmuş layiqli işlə bağlı ölkə proqramında əksini tapsa da, hələlik bu istiqamətdə heç bir addım atılmamışdır.

Xüsusilə gəncləriniz arasında yüksək işsizlik və yoxsulluq səviyyəsi etibarlı gələcəyə olan ümidləri azaldır. Gənclərin kütləvi mühacirətinə səbəb olur.

Baş katib hazırkı hökuməti, ölkəni AB-yə üzv olmaq prosesində ləngitməkdə günahlandırdı. Dedi ki, Albaniyanın demokratik xarakterini risk altına qoyur. Zənginlərlə kasıb təbəqə arasındakı bərabərsizlik həyəcan doğuran səviyyəyə çatmışdır. İqtisadi inkişaf sıfır həddindədir.

Ş.Barrou hökumətin cəmiyyətin demokratik hüquq və azadlıqlarını təmin edə bilməməsini aşağıdakı amillərlə əsaslandırdı:

- Mətbuat azadlığının məhdudlaşdırılması.

- Milli Əmək Şurasının işləməməsi.

- Sosial tərəfdaşların əmək bazarının formalaşmasında iştirak etməməsi.

Bildirdi ki, kollektiv müqavilə, həyat şəraitinin faktiki dəyərinə əsaslanmış yaşayış minimumunun təmin edilməsi və əmək bazarında təcili islahatlar xüsusilə savadlı ixtisaslı işçilərin mühacirətini dayandırmaq üçün həyati əhəmiyyət daşıyır.

Təəssüf ki, həmkarlar ittifaqları normal fəaliyyət göstərdikləri halda belə müdaxilə ilə qarşılaşırlar. İşçilərin həmkarlar ittifaqı birliklərinə daxil olmaq istəyinə hökumətin və sahibkarların müdaxiləsi demokratik dəyərlərin təməlinə təhdid kimi qiymətləndirilməlidir. Sərbəst toplaşmaq BƏT-in 87 və 98 saylı konvensiyaları ilə müəyyənləşdirilmiş təşkilatlanma və kollektiv sövdələşmə hüquqlarının rədd edilməsi həmkarlar ittifaqlarının azadlığının açıq şəkildə pozulmasıdır.

Həmkarlar ittifaqları və onların üzvlərinə qarşı hörmətsizlik, eyni zamanda ixtisarlar nəticəsində Əmək Nazirliyinin İqtisadiyyat və Maliyyə Nazirliyinin şöbəsinə çevrilməsində də özünü göstərir.

Əmək problemlərinin həllinə dair fəal dövlət siyasətinin olmaması peşə sağlamlığına və təhlükəsizliyinə təsir göstərir. Bu da öz növbəsində iş yerlərində ölümlə nəticələnən qəzaların kəskin artımına gətirib çıxarır.

Hərtərəfli sosial müdafiə və həyati əhəmiyyətli ictimai xidmətlərin təmin edilməməsi də ölkə vətəndaşları üçün ciddi problemlər yaradır.

Vətəndaşlara, işçilərə və onların ailələrinə xidmət etməyən iqtisadiyyat uğursuzluğa məhkumdur. Çoxmillətli subpodratçıların işçilər arasında yaratdığı qorxu mühitinə qarşı çıxan həmkarlar ittifaqı üzvləri işdən qovulurlar. Qanunun aliliyi korporativ maraqlara qurban verilir. Xalqını istismardan qorumağı bacarmayan hökumətlər fəaliyyət göstərməyə layiq deyillər.

Natiq daha sonra dedi, son illərdə alban işçilərin vəziyyətinin pisləşməsi milli və beynəlxalq həmkarlar ittifaqları hərəkatında narahatlıq yaradır. Bu neqativ halı aradan qaldırmaq məqsədilə Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyi (AMHİB), Albaniya Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və BHİK aşağıdakı prioritet məsələlərdə əməkdaşlıq etmək qərarına gəlib:

1. Təşkilatlanma: Sıralarını genişləndirməklə həmkarlar ittifaqlarının təsir gücünü artırmaq. Bu məqsədə çatmaq üçün xüsusi təşkilati proqramlar hazırlamaq.

2. Beynəlxalq təşkilatlar: AMHİB, AHİK, BHİK, BƏT və AB kimi beynəlxalq qurumlarla birlikdə hökumətdən, BƏT-in 87 və 98 saylı konvensiyalarına uyğun olaraq, işçilərin azad toplaşmaq, təşkilatlanma və kollektiv sövdələşmə hüquqlarına hörmətlə yanaşmağı tələb etmək.

3. Hökumət və işəgötürənlərin müdaxiləsi: Hökumət və işəgötürənlərin həmkarlar ittifaqlarının işinə milli, sektor və müəssisə səviyyəsində hər hansı müdaxiləsi dərhal dayandırılmalıdır. Həmkarlar ittifaqlarının müstəqilliyinə hörmət edilməli və ona təminat verilməlidir.

4. AMHİB və AHİK, BƏT-in Azad Toplaşmaq və Həmkarlar İttifaqı Təşkilatlarının Hüquqlarının Müdafiəsi haqqında 87 saylı Konvensiyasının və Təşkilatlanma və Kollektiv Müqavilə haqqında 98 saylı Konvensiyasının icrası çərçivəsində, Əmək Məcəlləsini təkmilləşdirmək kampaniyasına sadiqliyini təsdiq etməlidir.

5. AMHİB, AHİK və BHİK Milli Əmək Şurasının fəaliyyətini yaxşılaşdırmağı tələb etməlidir. Şura sosial tərəfdaşlara məsləhətləşmək hüququ verən, işçilərə təsir edən bütün məsələlərdə təşəbbüs göstərən, əməkhaqqı və məşğulluq siyasətini prioritet götürmək və o cümlədən bütün işçilər və onların ailələri üçün layiqli həyat təmin edilməsində təsirli dialoq vasitəsinə çevrilməlidir.

6. AMHİB, AHİK qanunvericiliyə dəyişikliklər prosesində rəylərinin soruşulmasını və ölkənin iqtisadi və sosial inkişafı ilə bağlı bütün sahələrdə iştirakı üçün dəvət olunmalarını tələb etməlidir.

7. AMHİB, AHİK və BHİK hakimiyyətdən tələb etməlidir ki, aşağı əməkhaqlarında maraqlı olan investorlara və onların subpodratçılarına qarşı daha ciddi yanaşma sərgiləməli, onların həmkarlar ittifaqları və işçilərin hüquqlarına hörmət edəcəklərinə zəmanət verilməlidir.

Ş.Barrou çıxışının sonunda bildirdi ki, AMHİB, AHİK və BHİK işçilərin ağır iş şəraitinin dəyişdirilməsinə yönəlik birgə strategiya və fəaliyyət planı hazırlayacaqdır.

Natiq çıxışında digər mühüm məsələlərə də toxundu.

Pan Avropa Regional Şurasının (PARŞ) prezidenti, Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili Avropa həmkarlar ittifaqlarının çağırışları və bu qurumun üzvü olan bir çox ölkələrin ümumi vəzifələri barədə danışdı. Miqrasiya, az maaş, qeyri-rəsmi məşğulluq və sair kimi problemlərin həlli üçün birlik və konsolidasiya lazım olduğunu diqqətə çatdırdı.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, BHİK-in vitse-prezidenti Səttar Möhbalıyev qurultayda çıxış edib. S.Möhbalıyev qurultay iştirakçılarını öz adından və Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvləri adından salamlayıb və qurultayın işinə müvəffəqiyyətlər arzulayıb.

AHİK sədri bildirib ki, Azərbaycan ilə Albaniya arasında olan əlaqələr uzun illərdir uğurla inkişaf etməkdədir. Dövlət rəhbərlərimizin səyi nəticəsində bu uğurlu inkişaf bu gün də davam etdirilməkdədir. Azərbaycan və Alban xalqları etnik və mədəni dəyərlər baxımından da bir-birilərinə çox yaxındırlar. Cari ilin martında prezidentlərimizin 7-ci Qlobal Bakı Forumundakı son görüşlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan Albaniya ilə olan ikitərəfli münasibətlərə böyük əhəmiyyət verir. Albaniya Respublikasının Prezidenti İlir Meta öz növbəsində bildirib ki, Albaniya da müxtəlif sahələrdə, xüsusilə də turizm sahəsində Azərbaycan ilə əlaqələrin genişləndirilməsində, həmçinin Albaniyada Azərbaycanın yerli qaz təchizatı sisteminin yaradılmasında maraqlıdır. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri və hər zaman bir-birinə dəstək verdikləri vurğulanıb. Azərbaycanın Albaniya ilə birgə həyata keçirdiyi layihələr əməkdaşlığımızı daha da möhkəmləndirir.

S.Möhbalıyev qeyd edib ki, dövlət başçılarımızın görüşlərinin və onların arasında bağlanmış müqavilələrin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, öz növbəmizdə biz də bütün razılaşmaların həyata keçirilməsində fəal iştirak etməklə, respublikalarımızın həmkarlar ittifaqlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi diqqət yetiririk.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Albaniyanın Müstəqil Həmkarlar İttifaqları Birliyi arasında uzunmüddətli münasibətlər vardır. Biz Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilən tədbirlərdə mütəmadi olaraq görüşlər keçiririk. Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin nümayəndə heyəti keçən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında, hazırda isə biz sizin ali orqanınızın qurultayında iştirak edirik və bu, bir ənənə halını alıb. Cari ilin may ayında respublikamızda keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) tədbirində Gezim Kalajanın iştirakını və onunla görüşümüzü çox yaxşı xatırlayıram. O görüşdə biz Kalaja ilə birlikdə Azərbaycan və Albaniya həmkarlar ittifaqları arasında yaranan yüksək səviyyəli münasibətləri bir daha müzakirə etməklə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyi arasında əməkdaşlıq haqqında” Sazişi imzaladıq. Təkcə bu Sazişin imzalanması bizim həmkarlar ittifaqı ilə Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyi arasında çox yaxın əlaqələrimizin olduğunun göstəricisidir.

AHİK sədri daha sonra respublikamızda son illər sosial sahədə həyata keçirilən uğurlu islahatlar haqqında qurultay iştirakçılarına məlumat verərək bildirib ki, həyata keçirilən islahatlar ölkəmizdə işsizliyin səviyyəsini 5 faizə, yoxsulluğun səviyyəsini isə 5,1 faizə endirib. Cari ilin əvvəlindən başlayaraq isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki sosial paket təsdiqləndi ki, bu da 4,2 milyon insanı əhatə edir. İki sosial paketin maliyyə tutumu bu il üçün 1,35 milyard, gələn il üçün isə 1,76 milyard ABŞ dolları dəyərindədir. Bu isə o deməkdir ki, Azərbaycanda 1 il ərzində 2 dəfə minimum əməkhaqqı və minimum pensiya artırılıb. Ölkəmiz bu göstərici üzrə Müstəqil Dövlətlər Birliyində müvafiq olaraq birinci yerdə qərarlaşıb. Azərbaycan dövləti əldə edilən əlavə gəlirlərin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldir. Bir sözlə, sosial sahə bizim respublika üçün prioritet sahədir və hər zaman bu sahə ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu gün də belədir.

S.Möhbalıyev qurultay iştirakçılarının diqqətini Dağlıq Qarabağ məsələsinə yönəldərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikası ərazisinin təxminən beşdəbiri işğal olunub, 20 min insan həlak olub, 50 min nəfər yaralanıb, əlil olub və Azərbaycan Respublikasının təxminən 5000 vətəndaşı indiyədək itkin düşüb. Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurub. İşğala son qoyulması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnaməyə Ermənistan əməl etməyərək işğalçılıq siyasətini davam etdirir. Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər. Ölkə daxilində təxminən hər 8 nəfərdən biri qaçqın və köçkünə çevrilib. Məcburi köçkün düşmüş vətəndaşların da sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılaraq onların müavinətləri də ölkə rəhbərliyi tərəfindən 50 faiz artırılıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan S.Möhbalıyev deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün 26 üzv təşkilatı və milyon yarıma yaxın üzvü öz ətrafında birləşdirir. Biz hər il Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Baş Kollektiv Saziş imzalayırıq, Baş Sazişdə işçilərin sosial-iqtisadi mənafeləri ilə bağlı tələblər öz əksini tapır. Son illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununda, Əmək və İnzibati Xətalar məcəllələrində və digər qanunlarda işçilərin mənafelərinin müdafiəsi ilə bağlı bir sıra dəyişikliklər və əlavələr edilib.

S.Möhbalıyev deyib: “Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti kimi, hesab edirəm ki, BHİK-in IV qurultayında qarşımıza qoyulan tələblərin həyata keçirilməsi ilə bağlı üzərimizə düşən vəzifələr barədə düşünməliyik. Belə ki, qurultayın yekun sənədində BHİK-in üzv təşkilatları bir sıra tapşırıqların yerinə yetirilməsini öhdəlik kimi götürmüşlər. Bu öhdəliklərin həmkarlar ittifaqı birliyiniz tərəfindən yerinə yetiriləcəyinə heç bir şübhəmiz yoxdur. BHİK-in üzvlərinin sayının 250 milyona çatdırılması, kollektiv danışıqlar vasitəsilə minimum əməkhaqqının və sosial müdafiənin artırılması, diskriminasiya və rasizm hallarına qarşı mübarizənin gücləndirilməsi, gender bərabərliyinin azaldılması əsas hədəflərdəndir. Bir sözlə, BHİK-in gələcək 4 fəaliyyət istiqaməti müəyyənləşmişdir. Bunlar hüquq və dinc demokratiya, iqtisadi gücün tənzimlənməsi, qlobal dəyişikliklər və bərabərliyin təmin olunmasıdır.

Ümid edirəm ki, siz beynəlxalq həmkarlar ittifaqlarının üzv təşkilatlar üçün verdiyi tövsiyələri nəzərə almaqla, orada qaldırılan məsələlərin həlli üçün bütün imkanlarınızı səfərbər edəcəksiniz və bu gün qəbul edəcəyiniz qərarlar üzvlərinizin sosial-iqtisadi hüquqlarının qorunmasına, sosial problemlərinin həllinə sanballı töhfələr verməklə yanaşı, ümumilikdə həmkarlar ittifaqlarınızın işçilərin sosial problemlərinin həllində mübarizliyini bir daha artıracaqdır”.