Vətəndaşları yoxsulluqdan xilas etmək üçün


Baxıldı : 274

Tarix : 2017-12-27 19:05:01


Yunanıstanda hökumətin ölkədə davam edən iqtisadi böhranla əlaqədar həyata keçirməyi planlaşdırdığı yeni qənaət proqramı etirazlara səbəb olub. 24 saatlıq ilk tətil zamanı nəqliyyat, tibb və digər sektorlarda problemlər yaranıb. Xəstəxanaların ancaq təcili yardım söbəsi davamlı fəaliyyət göstərib. Ölkədaxili və beynəlxalq aviareyslərdə  gecikmə və təxirəsalınmalar qeydə alınıb. İctimai nəqliyyatda başlayan tətillər tıxaclar yaradıb.

Həmkarlar ittifaqları dövlətə müraciət edərək proqramın həyata keçiriləcəyi təqdirdə yoxsulluq, işsizlik və ixtisarların artacağını bildirib. Qənaət proqramının nəzərdə tutulanın əksinə daha dərin yaralar açacağı qeyd edilib. Ümumyunanıstan Enerji İşçiləri Federasiyasından verilən açıqlamada uzun müddət davam edən iqtisadi böhranın  təqaüdçüləri və sosial müdafiəsi olmayan insanları çox yorduğu, işçi hüquqlarının daha öncə də qəbul edilən qənaət proqramları ilə pozulduğu diqqətə çatdırılıb.

Tətilə beynəlxalq təşkilatlardan da dəstək verilib. İndustriALL Qlobal İttifaqının baş katibinin köməkçisi Kamal Özkan dövlətin həyata keçirdiyi ehtiyat tədbirlərinin işçi hüquqlarına zidd olduğunu deyib. O bildirib ki, hökumətin xarici borcunu işçi və pensiyaçıların üstünə yükləmək düzgün addım deyil: "Nümayəndəsi olduğum qurumun Yunanıstanda olan üzv təşkilatlarının apardıqları mübarizəni dəstəkləyirik və hökuməti vətəndaşları yoxsulluqdan xilas etmək üçün alternativ addımlar atmağa çağırırıq".

Cavid SƏFƏROV