Vətənə onu qorumağı  bacaran oğullar lazımdır


Baxıldı : 426

Tarix : 2020-07-27 04:35:37


 

“Son on illərin hadisələri göstərir ki, hər bir azərbaycanlı vətəni sevməklə kifayətlənməməli, həm də onu qorumaq bacarığına yiyələnməlidir”. Müxbirimizlə söhbətində bu sözləri deyən Zamiq Əsgərov 15 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Dəfələrlə döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib. 2014-cü ildə yaralı silah yoldaşını döyüş meydanından çıxararkən düşmən minasına düşüb, yaralanıb. 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub. Bir sıra orden və medallara layiq görülüb.

Ordudan tərxis olunduqdan sonra Salyan Şəhər Yavər Qafarov adına 8 saylı tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə hərbi rəhbər - müəllim kimi fəaliyyətə başlayıb. 
Məktəbdə istedadlı şagirdlərdən ibarət “Canavarlar” adlı komanda yaradıb. Komanda Cəlillabad rayonunda keçirilmiş “Şahin” hərbi idman oyunlarının zona yarışlarında 1-ci yer tutaraq final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsində isə 22 rayon komandası arasında 4-cü yerə layiq görülüb. Komanda bu uğurlarına görə Salyan Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlandırılıb və bir həftəlik Quba rayonuna pulsuz istirahətə göndərilib.
Z.Əsgərov söylədi ki, yarışlarda uğurumuz uzun sürən məşqlərin, gərgin əməyin nəticəsidir. Əlbəttə, bizə yardım edən aidiyyəti qurumların, valideynlərinin dəstəyi, yardımı da qələbələrimizdə böyük rol oynayıb. Onların hər birinə təşəkkürümü bildirirəm. 
Zamiq müəllim dedi ki, hərbi dərsdə nəzəri biliklərlə yanaşı, praktiki təlimlərə daha çox üstünlük verilib. Şagirdlər İlk növbədə hərb tariximiz, işğal olunan rayonlarımız, milli qəhrəmanlarımız və ordu quruculuğumuz barəsində məlumatlandırılıb. Onlarda bu barədə müəyyən biliklərin formalaşmasına çalışmışam.   
Dərslərdən əlavə boş vaxtlarda şagirdləri hərbi hissələrə aparırdım. Orada əsgərlərin həyat tərzini, döyüş sursatlarını, silahları öz gözləri ilə görürdülər. Bundan başqa, sıra yerişi, hərbi salam vermə və digər nizam-intizam qaydalarını da onlara öyrətmişəm. Həvəsləndirici mükafatlar təsis etmişəm ki, uşaqlara daha da maraqlı olsun. Mənim elə şagirdlərim var idi ki, 14 saniyə ərzində avtomatı söküb-yığırdı. Dərslərimdə şagirdlərin hərbi formada iştirakına şərait yaratmışam. Silahlı Qüvvələrimizin hərbi geyimini daşımaq nəinki şagirdlərimizdə, hətta onları müşahidə edən insanlarda xüsusi ruh yüksəkliyi yaradırdı. 
Xatırladaq ki, Z.Əsgərov məktəbdə hərbi rəhbər kimi işə başlayandan şagirdlər arasında ali hərbi məktəblərə daxil olmaq istəyənlərin də sayı artıb.
Zamiq  Əsgərov ona bir qazi kimi dövlətimiz tərəfindən xüsusi diqqət və qayğının göstərildiyini qeyd etdi. Dedi ki,  mayın 28-də, o da daxil olmaqla, bir qrup qaziyə avtomobil verilib.
Qeyd edək ki, Zamiq Əsgərov Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “İlin peşəkar gənci” müsabiqəsində qalib elan olunub. Fəxri Fərmanla təltif edilib.

Azər MUSTAFAYEV