Vətənin keşiyində durmağı qarşısına məqsəd qoymuşdu


Baxıldı : 46

Tarix : 2020-09-11 16:34:48


Sentyabrın 4-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri  (NRYTİ) Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərov Ağstafanın Köçəsgər kəndində şəhid Yaşar Babayevin ailəsi ilə görüşüb.

Görüş zamanı Rəşad Səfərov Azərbaycan xalqının Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsini hər zaman uca tutduğunu bildirib. Qeyd edib ki, Yaşar Babayev də öz qanı bahasına torpaqlarımızın azad olunması uğrunda şəhidlik zirvəsinə ucalıb. Vətən, Torpaq yolunda canını qurban verənlərin xatirəsi tariximizə qızıl hərflərlə yazılacaq.

R.Səfərov Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, onların üzləşdikləri problemlərin həlli istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təşəbbüsü ilə həyata keçirilən layihəyə əsasən, şəhid Yaşar Babayevin yeganə övladı NRYTİ Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən himayəyə götürülüb.

Şəhidin valideynləri - Vasif Babayev və Firəngiz Babayeva şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər. Şəhidin atası deyib ki, Yaşar Babayev Vətənin keşiyində durmağı qarşısına məqsəd qoymuşdu. O, iyul döyüşləri zamanı Tovuzun Ağdam kəndi yaxınlığındakı Qaraqaya ətrafında gedən döyüşlərdə düşmən təxribatının qarşısını igidliklə alırdı. Döyüş dostlarının şəhadətinə görə, o, qorxub-çəkinmədən ölümün gözünə dik baxırdı.

Şəhid ailəsinə yardım paketləri təqdim olunub.

Sonra NRYTİ Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri və şəhidin ailə üzvləri Yaşar Babayevin xatirəsini anıblar.

Qeyd edək ki, şəhid Yaşar Babayev 1987-ci ildə Ukraynanın Xerson şəhərində anadan olub. Orta məktəbi Ağstafanın Köçəsgər kəndində bitirdikdən sonra 2005-ci ildə hərbi hissəyə yollanıb. Daha sonra mülki sahədə işləməyə başlayan Yaşar Babayev 2016-cı ildə müddətdən artıq hərbi xidmətə yollanıb. 2020-ci il iyulun 14-də Tovuz sərhədi istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub.