Vətənpərvər “Mübarizlər”


Baxıldı : 139

Tarix : 2018-05-12 03:40:56


Mayın 2-dən 5-nə qədər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş hərbiləşdirilmiş idman yarışları keçirilib.  Yarışlar beynəlxalq yarış qaydalarına uyğun olaraq olimpiya və dairəvi sistem üzrə baş tutub. Doqquz bölüyün hər birindən 33 nəfər olmaqla 297 nəfər idmançı mübarizəyə qoşulub. Komanda üzvləri 100 metr məsafəyə qaçışda, turnikdə dartınmada, qumbara atmada, kəndirdartmada və uzağa tullanma üzrə yarışlarda öz güclərini sınayıblar.

Yarışların nəticəsinə görə, 100 metr məsafəyə qaçışda 343-cü tağımın kursantı Nicat Məmmədov birinci, 363-cü tağımın kursantı Emil Qubadov ikinci, 344-cü tağımın kursantı Elman Əhmədli isə üçüncü olublar.

Turnikdə dartınmada 354-cü tağımın kursantları Seymur Sayadlı və Cavidan Rəhimli birinci və ikinci yerləri bölüşüblər. 214-cü tağımın kursantı Murad Mikayılov isə üçüncü sırada qərarlaşıb.

Qumbara atma üzrə yarışda 185-ci tağımın kursantı Feyzi Musalı fəxri kürsünün ilk pilləsində yer alıb. Sonrakı yerləri 231-ci tağımın kursantı Nəcməddin Həsənov və 223-cü tağımın kursantı Xansu Kazımlı tutublar.

Uzağa tullanma üzrə yarışda 343-cü tağımın kursantları Ülvi Elçinli birinci, Abbasqulu Allahverdiyev isə ikinci yerə layiq görülüblər. 341-ci tağımın kursantı İlham Məlikov ikinci yeri özünə təmin edib.

Kəndirdartma üzrə komandalar arasında keçirilən yarışlar 5-ci bölüyün qələbəsi ilə nəticələnib.

Yarışların yekun nəticəsinə görə, 5-ci bölüyün kursantları 47 xal toplayaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına keçici kuboku qazanıblar.

İdman yarışlarının keçirilməsində xüsusi fəallıq göstərmiş liseyin fiziki tərbiyə müəllimi Emin Pənalıyev AHİK-in Diplomu ilə təltif olunub.

AHİK-in fəxri diplomları və qiymətli hədiyyələri 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş təntənəli toplantıda qaliblərə təqdim ediləcək.

Xoşqədəm BAĞIROVA,

AHİK-in mütəxəssisi