Veteranlar heç vaxt diqqətdən kənarda qalmayıb


Baxıldı : 109

Tarix : 2019-06-07 10:35:53


Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə nazirliyin Mülki Müdafiə Qoşunlarının Bərdə rayonunda və Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissələrində əsgərlərlə görüşlər təşkil edib.

Tədbirlərdə Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək II Dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi hünərdən, qəhrəmanlıqdan danışıb. Deyib ki, faşizm üzərində qələbə Bakı neftçilərinin fədakarlığı sayəsində mümkün olub. Neftçilərlə bərabər arxa cəbhədə gecəli-gündüzlü çalışan, ön cəbhədə vuruşan on minlərlə soydaşımız da qələbəyə öz əvəzsiz töhfələrini verib.

M.İsmayılov həmçinin bildirib ki, II Dünya müharibəsi iştirakçılarına ümummilli liderimiz Heydər Əliyev həmişə böyük diqqət və qayğı göstərib. Onun 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” qanun bu diqqət və qayğının bariz nümunəsidir. Məhz ümummilli lider xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra veteranlar təşkilatının fəaliyyəti bərpa olundu, 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edildi, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı.

II Dünya müharibəsi veteranlarına dövlət qayğısı bu gün də yüksək səviyyədədir. Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ildən-ilə onların təqaüdləri artırılır. Sosial ehtiyacları ödənilir.  Qələbə günlərində cənab İlham Əliyevin veteranlarla görüşü artıq ənənəyə çevrilib.

M.İsmayılov İlham Əliyevin ordumuza göstərdiyi diqqətdən də söz açdı. Bu diqqətin nəticəsi olaraq 2016-cı ilin aprel döyüşlərində qazanılan qələbəni xatırlatdı.

Sonra hərbi hissələrin rəhbərləri çıxış edərək həmkarlar ittifaqının əməkdaşlarına ziyarətə gəldikləri üçün təşəkkürlərini bildirdilər. Belə görüşlərin əsgər və zabitlərin əhvali-ruhiyyəsinə göstərdiyi təsiri xüsusi vurğuladılar.

Görüşlərin sonunda FHN İşçiləri Həmkarlar İttifaqı tərəfindən əsgər və zabitlərə bayram sovqatları və xatirə hədiyyələri təqdim olundu.