Veteranlar nostalji hisslər yaşadılar


Baxıldı : 71

Tarix : 2018-10-06 05:08:05


1 Oktyabr Beynəlxalq Ahıllar Gününü Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsi çeşidli tədbirlərlə qeyd etmişdir. Tədbir iştirakçıları - Rayon Komitəsinin sədri Flora Pənahova, komitənin məsul işçiləri və rayonun bir qrup təhsil işçisi əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər parkında ucaldılmış heykəlinin önünə tər gül dəstələri qoymuşlar. Sonra veteranlar və qonaqlar süfrə arxasına dəvət olunmuşlar. Veteranlar bir daha nostalji hisslər yaşamış, unudulmaz xatirələrini danışmış, yeni nəslə tövsiyələrini vermişlər.

Tədbirdə çıxış edən F.Pənahova demişdir ki, siz əsl həyat məktəbisiniz. İndiki təhsil işçilərinin sizinlə görüşü canlı ensiklopediyanı vərəqləmək, bilmədiklərini öyrənmək baxımından olduqca əhəmiyyətli və zəruridir.

Görüşün sonunda veteran müəllimlərə hədiyyələr paylanmışdır.

Daha sonra Rayon Komitəsinin işçiləri fiziki sağlamlığı tədbirdə iştiraka imkan verməyən veteran müəllimlərin evlərinə yollandılar. Onları ziyarət etdilər, qayğıları ilə maraqlandılar. Hər birini sovqatla sevindirdilər.

Yeri gəlmişkən deyək ki, veteranlara qayğı hansısa əlamətdar günlə məhdudlaşmır. Rayon Komitəsi bu kateqoriyalı insanları ilboyu diqqətdə saxlayır. Ehtiyacı olanları sanatoriyalara yollayışla təmin edir. İmkanı daxilində problemlərini həll etməyə çalışır.