Vəzifələr uğurla həyata keçirilib


Baxıldı : 180

Tarix : 2018-01-19 19:30:33


“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının növbəti iclası olmuşdur. İclasda Federasiyanın gender bərabərliyi və qadın problemləri üzrə komissiyasının 2017-ci ildə göstərdiyi fəaliyyət müzakirə edilmişdir. Məruzə ilə çıxış edən Federasiyanın birinci vitse-prezidenti Sadət Tahirova demişdir ki, komissiya AHİK-in IV qurultayında gender bərabərliyi ilə bağlı qarşıya qoyulan vəzifələri uğurla həyata keçirib. Ötən ilin yekunları da göstərdi ki, komissiya bu sahədə ildən-ilə uğurlarını daha da artırır.

Hazırda Federasiyanın üzvlərinin tərkibində zərif cinsin nümayəndələrinin sayı 20645 nəfərdir.

Onların problemləri ilə 125 komissiya və 10 nəfər məsul şəxs məşğul olur. Son 5 ildə, o cümlədən ötən il də, komissiyalar qadınların təhsilini, onların iş, ailə, cəmiyyətdə mövqe tutmaq və sair məsələlər üzrə maarifləndirməsini prioritet vəzifəsi kimi diqqətdə saxlayıb. 2017-ci ildə 11 tədbir keçirilib ki, onların da iştirakçılarının 70 faizi qadınlar olub.

S.Tahirova çıxışında konkret olaraq tədbirlərin bir neçəsini diqqətə çatdırdı: “Azərbaycan qanunvericiliyində qadınların hüquqları”, “Ailədə əməyin təşkili və gender yanaşması”, “Erkən nikahlar qızların təhsil imkanlarını azaldır”.

Sonra dedi, qadın üzvlərimiz Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında, beynəlxalq qurumların müxtəlif ünvanlarda keçirdiyi kurslarda, seminarlarda, treninqlərdə, dəyirmi masa ətrafında görüşlərdə də iştirak ediblər.

Yerlərdə bağlanan kollektiv müqavilələrdə gender, gənclər problemlərinə dair məsələlərin geniş şəkildə əksini tapmasına səy göstərilib. Bu səylər öz müsbət nəticələrini verib.

Birinci vitse-prezident Federasiyanın və sözügedən komissiyanın qadınların istirahətinin təşkili sahəsində gördüyü işlər barədə də ətraflı məlumat verdi.

Məruzə ətrafında çıxış edənlər də komissiyanın ötənilki fəaliyyətini yüksək dəyərləndirdilər.